Çində Hyundai ix25 adı ilə satılan, bizim bazarda isə Creta kimi tanınan yığcam krossoverin ikinci nəsli barədə yeni məlumat peyda olub. Diler mərkəzlərində nümayiş etdirilməmişdən öncə, ix25 modelinin yeni nəsli sertifikasiya orqanlarında qeydiyyatdan keçib. Çinin sənaye nazirliyi isə, yeni model barədə müəyyən məlumatı dərc edib.

Dərc edilmiş məlumatda, ikinci nəsil Hyundai ix25/Creta modelinin yeni 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəyi bildirilir. Yeni mühərrik 125 at qüvvəsi hasil edən 1,6-litrlik güc aqreqatını əvəzləyib. Hələlik, yeni mühərrikin hansı ötürmələr qutusu ilə təchiz ediləcəyi bildirilməsə də, onun variatorla tandemdə çalışacağı söylənilir.  Bununla belə, Çin bazarında Hyundai ix25/Creta 140 at qüvvəli 1,4-litrlik dördsilindrli turbomühərrik ilə də təklif ediləcəkdir. Mühərrikin fırlanma anı preselektiv robot vasitəsi ilə ön öxa ötürüləcəkdir.

Dərc edilmiş sənədlərdə yeni krossoverin bu ilin aprelində Şanxayda nümayiş etdirilmiş konseptdən fərqlənmədiyi də görünür. Yeni krossover sələfinə nisbətən 10 mm uzun və enli olub - yəni, yeni ix25 modelinin qabarit uzunluğu 4300 mm, eni isə 1790 mm təşkil edir. Krossoverin təkər bazasının uzunluğu da 20 mm artaraq 1622 mm olub.

Yeni krossoverin Çindəki satışlarına bu ilin ikinci yarısında start veriəcəkdir.