Hyundai şirkəti yeni nəsil Tucson krossoverinin təqdim olunacaq tarixi açıqlayıb: tədbir 15 sentyabr tarixində Seulda keçiriləcəkdir. Hələlik isə, istehsalçı yeni krossoverin eksteryer və interyeri təsvir olunmuş tizerləri dərc edib. İndi əminliklə demək olar ki, keçən il nümayiş etdirilmiş Hyundai Vision T konsepti seriya avtomobilinə çox yaxın olub.

Markanın digər krossoverlərindən sonra, yeni Tucson modeli də ikimərtəbəli ön hissəyə malik olacaqdır – lakin, yeni təfsirlə. Yeni Parametric Dynamics korporativ dizayn üslubu artıq Hyundai Grandeur və Elantra sedanlarında sınaqdan keçirilibdir. Bu dizayn üslubunun əsasə xüsusiyyətləri radiator barmaqlığı  ilə vizual şəkildə birləşdirilən ön fənərlər, habelə ön qapıdakı üç xəttin kəsişdiyi dizayner "düyündür".

Yeni Hyundai Tucson modeli sələfindən daha iri olacaq, üstəlik, daha "bahalı" nisbətləri ilə seçiləcəkdir: genişlənmiş təkər bazasının, daha qısa kuzov çıxışlarının və uzun kapotun olacağı vəd edilib. Əlavə olaraq, Hyundai şirkətindən fərqli ölkələrdə Tucson modelinin C sinifində iki təkər bazası ilə təklif ediləcəyini bildiriblər. Xatırlatmaq istərdik ki, artıq birinci nəsil Volkswagen Tiguan krossoveri Çində uzunbazalı versiyada təklif edilsə də, krossoverin ikinci nəsli bir sıra ölkələrdə həm standart, həm də uzunbazalı versiyalarda satılır.

Yeni Hyundai Tucson krossoverinin interyeri əks edilmiş ilk tizer iyul ayında peyda olmuşdu. Dərc edilmiş yeni tizerlər isə əvvəlkiləri təsdiqləyib.  Krossover adi cihazlar panelinin əvəzinə günlüksüz virtual paneli əldə edəcək, mərkəzi konsol isə fiziki düymələrdən məhrum ediləcəkdir: multimedia sisteminin iri sensorlu ekranının altında yalnız iqlimə nəzarət sisteminin sensorlu displeyi yerləşir. Transmissiyanın  idarə edilməsi üçün mərkəzi tuneldəki düyməli panel quraşdırılacaqdır. Bir sözlə, yeni Tucson mühafizəkarlar üçün nəzərdə tutulmayıb.

Mühərrik çeşidinə gəldikdə isə, avtomobilin benzin, dizel və hibrid qurğuları ilə təklif ediləcəyi gözlənilir. Bütün detallar iki həftədən sonra açıqlanacaqdırlar.