Lexus NX krossoverinin növbəti nəsli genişləndirilmiş mühərrik çeşidi ilə fərqlənəcəkdir. Krossoverin baza versiyası 2,5-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış 218 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Lexus NX modelinin top versiyaları üçün 300 at qüvvəsinin üzərində gücə malik olan yeni 2,4-litrlik turbomühərrik hazırlanacaqdır.

Yapon "BestCar" nəşrinin şirkət daxilindəki qaynaqları yeni nəsil Lexus NX modelinin bir qədər qısa və alçaq, lakin daha enli olacağını bildiriblər. Yeni model hazırki Toyota RAV4 və Harrier krossoverlərinin inşa edildiyi TNGA GA-K modul platformasına əsaslanacaqdır.

Premium yapon markasının krossoveri eyni platformada inşa edildiyi modellərdən kuzovun özünəməxsus dizaynı, daha zəngin təchizatı və mühərrik çeşidi ilə fərqlənəcəkdir. Lexus NX modelinin ön ötürməli baza versiyası 2,0-litrlik atmosfer mühərriki ilə deyil, 218 at qüvvəli yumşaq hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. E-Four elektrik tam ötürmə sistemi ilə təchiz edilmiş krossoverin hibrid güc qurğusunun gücü 222 at qüvvəsinə qədər artırılacaqdır.

Lexus NX modelinin top versiyası 306 at qüvvəsi hasil edən qoşulan hibrid güc qurğusu (PHEV) ilə təchiz ediləcəkdir. Alternativlərdən biri, Toyota şirkətinin təqdim etməyə hazırlaşdığı yeni 2,4-litrlik turbomühərrik olacaqdır. Bu mühərrikin gücünün 300 at qüvvəsinə, fırlanma anının isə 440 Nm-ə çatacağı gözlənilir.

Beləliklə, nəsil dəyişməsindən sonra Lexus NX modeli daha güclü olacaqdır. Hazırda krossoverin baza versiyası 150 at qüvvəli, top versiyası isə 238 at qüvvəli mühərriklər ilə təklif edilir. İlkin məlumata əsasən, yeni Lexus NX modelinin ən güclü versiyası sıfırdan 100 km/saat həddinə altı saniyədən az müddətə sürətlənəcəkdir.

Əgər söylənənlər həqiqətə uyğundursa, bu dəyişiklər yapon istehsalçısının NX və UX krossoverləri arasındakı fərqi artırmaq istəyindən xəbər verir. İkinci nəsil Lexus NX krossoveri barədə təfərrüatlar 2021-ci ildə verlməlidir. Yeni modelin təqdimatı isə, 2022-ci ilə planlaşdırılıb.