Audi A3 modelinin yeni nəsli 2020-ci ildə debüt etməlidir. İnqolştadt istehsalçısı yeni modelin öz sinifində olan ən mütərəqqi avtomobil kimi səciyyələndirib. İlkin məlumata görə, Audi şirkəti A3 ailəsinin ciidi şəkildə genişləndirməyi planlaşdırır.

«Autocar» dərgisinin əldə etdiyi məlumata əsasən, A3 ailəsi yeddi üzvdən ibarət olacaqdır. Sedan və hetçbek kuzovlu versiyalar ilə yanaşı, A3 beşqapılı liftbek kuzovu ilə də təklif ediləcəkdir. Bundan başqa, A3 ailəsinə Cityhopper adını alacaq yüksək klirensli hetçbek qoşulacağı da məlumdur. Lakin, «Autocar» bu modelin quattro sisteminə və Allroad adına malik olacağını iddia edir.

A3 ailəsinin «bərkgedən» üzvləri olan S3 və RS3 modelləri 2021-ci ildə geniş kütlə qarşısına çıxacaqdırlar. Nəhayət, bu ailənin ən mütərəqqi üzvü Audi A3 e-tron elektrokarı olmalıdır.

Yeni Audi A3 ailəsi A1 və Q3 modellərinin dizayn üslubunda eksteryerə və interyerə malik olacaqdır. AU380 zavoddaxili kod adına malik olan avtomobil MQB II modul platformasında inşa ediləcəkdir.  Yeni A3 modelinin mühərrik çeşidinə 1,5-litrlik (130 və 150 at qüvvəli) benzin turbomühərrikləri və 2,0-litrlik (135 - 200 at qüvvəli) dizel aqreqatları daxil ediləcəkdir. İnsayderlər bütün dizel mühərriklərinin 12 voltluq elektrik sistemi və startyor -enerator ilə təchiz ediləcəyini bildiriblər. Güc aqreqatları 6-pilləli mexaniki və 7-diapazonlu S-tronic «robotu» ilə təchiz ediləcəkdirlər.

Bundan başqa, «qaynar» S3 modeli 325 at qüvvəli 2,0-litrlik turbomühərrik və quattro tam ötürməsi ilə təchiz ediləcəkdir.. Yeni nəsil Audi RS3 modeli isə bu mühərrikin 415 at qüvvəli yumşaq hibrid versiyası ilə hərəkətə gələcəkdir. RS3 modeli drift rejiminə malik olan yeni tam çəkiş sisteminə də sahib olacaqdır.