Yeni nəsil Audi S6/S7 modellərinin Avropa bazarı üçün nəzərdə tutulmnuş versiyaları bu ilin aprel ayında təqdim ediliblər. Üstəlik ilk dəfə olaraq, «qaynar» modellər turbodizel ilə təklif olunurlar. Lakin, ABŞ, Asiya və Yaxın Şərq üçün Audi «qaynar» modellərin benzin variantını hazırlayacağını vəd etmişdi. Bu gün, İnqolştadt təmsilçisi əhdinə vəfa edərək ABŞ-da TFSI indeksli Audi S6 modelini təqdim edib.

Ən maraqlısı odur ki, alman istehsalçısı 4,0-litrlik V8 biturbomühərrikini və preselektiv «robotu» istefaya göndərib. Onları Audi və Porsche mütəxəssislərinin birgə hazırladıqları 2,9-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik qutu əvəzləyib. 2,9-litrlik mühərrik Audi RS4 və RS5 modellərində də quraşdırılır, lakin S6 modelinin mühərriki bir qədər fərqlidir: o, iki turbokompressorla yanaşı elektrik kompressoru ilə də təchiz edilib. Bu mühərrik, VW konsernin belə texnologiya ilə təchiz edilən ilk benzin mühərrikidir. Əvvəllər bu texnologiya yalnız dizel aqreqatlarında tətbiq edilirdi.

Əlavə kompressor 48 voiltluq şəbəkədən və litium-ion batareyasından qidalanan elektromotorla hərəkətə gəlir. Sürətlənmə zamanı benzin mühərrikinə dəstək verən startyor-generator da bu şəbəkədən qidalanır. Lakin, elektrik kompressorunun quraşdırılması mühərrikin güc xarakteristikalarına təsir etməyib. Mühərrik RS4 və RS5 modellərində olduğu kimi 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Bununla belə, maksimal dartma qüvvəsi, demək olar ki, dirsəkli valın aşağı dövrələrindən əlçatandır.  

Benzin mühərrikli Audi S6 modeli quattro tam ötürməsinə malikdir. Mərkəzi özüqapanan differensial adi şəraitdə fırlanma anını 40:60 nisbətində bölür. Gərək olduqda, ön oxa 70%, arxa oxa isə 85% fırlanma anı ötürülə bilər. Əlavə ödənişlə S6 üçün aktiv arxa differensialı sifariş etmək olar. Avropalılar üçün standart olan tam idarələnən şassi və adaptiv asqı, amerikalılar üçün ödənişlidir. Təkər disklərinin ölçüsü 20 və ya 21 düym ola bilər. Dinamik xarakteristikalara gəldikdə isə, onlar əvvəlki modeldən fərqlənmir. Audi S6 TFSI modeli əvvəlki kimi, 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir və 250 km/saat (elektronika tərəfindən məhdudlaşdırılıb) maksimal sürətə maılikdir.

ABŞ-da Audi S6 sedanı 73,9 min dollardan başlayan qiymətlərlə təklif edilir.  Çox güman ki, yaxınlarda bənzər mühərriklə Audi S7 Sportback modeli təchiz edilməyə başlayacaqdır. Audi S6 Avant isə, çox güman ki, benzin varianta sahib olmayacaq - nə amerikalılar, nə asiyalılar, nə də azərbaycanlılar belə avtomobilləri sevmirlər.