BMW M2 kupesinin növbəti nəslinin təqdimatı 2022-ci ilin sonuna qədər keçirilməlidir. Bununla belə, alman istehsalçısı bu günə qədər yeni M2 modelinin dizaynını gizli saxlamağı bacarıb. Lakin casuslar yenə də kamuflyajsız avtomobili aşkar edərək, onun şəklini çəkməyə imkan tapıblar. Doğrudur, onlar yeni M2 kupesinin yalnız arxa hissəsini çəkməyə müvəffəq olublar.

Görünən odur ki, dərc edilmiş şəkil modelin rəsmi fotosessiyası zamanı çəkilib. “Bərkgedən” yığcam kupenin arxa işıq texnikasının standart modeldəkindn elə də fərqlənmədiyi diqqəti çəkir, lakin arxa bamper haqqında bunu söyləmək olmaz - burada ciddi dəyişikliklər var. Məsələn, arxa bamperdə M2 modelinin birinci nəslində olduğu kimi, şaquli reflektorların yerləşdiyi kəsiklər var, lakin onların ölçüləri daha böyük, yuvalarının forması isə başqadır.

Bundan başqa, buraxılış sisteminin dörd yumru çıxış borusu olan konfiqurasiyası da geri qaytarılıb. Hazırki modeldə onlar trapesiya şəkilindədirlər. Nəhayət, şəkildən göründüyü kimi, “bərkgedən” kupenin nümayiş versiyası xüsusi Yas Marina Blue rənginə boyanacaqdır.

 Güc aqreqatına gəlincə, çox güman ki, yeni M2 baza versiyasında təxminən 420 at qüvvəsi, M2 Competition variantında isə 450 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli turbomühərriki alacaqdır.  Növbəti nəsil BMW M2 kupesinin mühərriki səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Ötürmə - arxa oxa olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.