Nissan şirkəti ikinci nəsil Juke krossoverinin təqdimat tarixini açıqlayıb. Populyar krossoverin yeni nəsli 3 sentyabr tarixində xüsusi təşkil olunacaq tədbirdə debüt edəcək. Bunun rəsmi təsdiqi olaraq, yapon istehsalçısı yeni modelin ilk tizerini də dərc edib.

Yapon markasının baş dizayneri Alfonso Albaysın əmin etdiyi kimi, yeni Nissan Juke bu modelə məxsus olan ümumi konsepsiyanı və proporsiyaları qoruyub-saxlayacaqdır. Bununla yanaşı, növbəti Nissan Juke yeni stlistik həlləri də təklif edəcəkdir. Yeni krossover sələfindən bir qədər iri və daha praktik olacaqdır. Əsas artım arxa qapıların ölçülərində olmalıdır.

Yeni nəsil Nissan Juke CMF-8 platformasında inşa edilib və ikinci nəsil Renault Captur krossoverinin yaxın qohumu olacaqdır. Bu o deməkdir ki, krossoverin kapotunun altında 1,0 və 1,3-litrlik benzin turbomühərrikləri və 1,5-litrlik dizel aqreqatı yerləşəcəkdir. Avtomobilin mühərrik çeşidində hibrid güc qurğusunun peyda olacağı da istisna edilmir.