Görünən odur ki, Hyundai Accent modeli kimi, Sonata sedanı da tezliklə Staria miniveni və Graunder modelində tətbiq edilmiş Sensuous Sportiness (“hissiyatlı idman”) üslubunda görünüşə malik olacaqdır. Bunu bu günlərdə yenilənmiş Hyundai Sonata sedanının casuslar tərəfindən çəkilmiş şəkilləri təsdiq edir. Casuslar kamuflyajsız sedanı reklam çəklişləri zamanı yaxalamağa müvəffəq olublar, bu isə yenilənmiş Sonata modelinin yaxın günlərdə debüt edəcəyindən xəbər verir.

Qeyd etmək gərəkdir ki, hazırda diler salonlarında nümayiş etdirilən cansıxıcı görkəmə malik olan sedan, yeni dizayn üslubu sayəsində daha aqressiv və daha cəlbedici görünəcəkdir. 

Sedanın yeddinci nəslinin yaxın gələcəkdə təqaüdə göndəriləcəyi məlumdur. Lakin istefaya göndərilməzdən əvvəl populyar sedan restaylinqdən keçərək, yeni korporativ dizayn üslubunda görünüşə sahib olacaqdır.

Casuslar tərəfidən çəkilmiş şəkillərdə avtomobil aydın görünməsə də, yenilənmiş Sonata modelinin ön tərəf boyu uzanan işıqlanan zolağı aldığını görmək mümkündür. Bu zolaq gündüz hərəkət işıqları funksiyasını yerinə yetirir, əsas fənərlər isə altıbucaqlı radiator barmaqlığının kənarlarındakı yuvalarda gizlədiliblər.

Yan güzgülərin qara rəngli gövdəsi və eyni rəngdə dekorun mövcudluğu yenilənmiş sedanın N-Line idman paketi ilə təchiz edildiyindən xəbər verir. İkinci şəkildə isə, yenilənmiş Sonata modelinin arxa tərəfinin bir hissəsi təsvir olunur ki, burada da müəyyən dəyişikliklərin baş verdiyi aydın görünür. Böyük ehtimalla, arxa fənərlər indikindən tamamilə fərqli bir formaya malik olacaqlar.

Texniki hissəyə edilmiş dəyişikliklər barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, cari Hyundai Sonata modeli yerli bazarda 2,0 və 2,5 litrlik MPi mühərrikləri, habelə hibrid güc qurğusu ilə təklif edilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.