Bugatti şirkəti Baby II uşaq avtomobilinin xüsusi versiyasını təqdim edib və onu yalnız Bugatti W16 Mistral rodsterinin sahibləri ala bilərlər. Elektriklə hərəkətə gələn uşaq avtomobili üçün 80 min avro istənilir. Müqayisə üçün, Almaniyada Porsche Cayenne krossoverinin qiyməti 82 min avrodan başlayır. Üstəlik, xüsusi versiya 30 min avroya satılan adi Baby II modelindən yalnız dekoru ilə fərqlənir.

99 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Baby II Carbon Edition modeli karbondan hazırlanmış hissələrin bolluğu, həmçinin ehtiyat təkərin olmaması ilə seçilir.

Bugatti Baby II uşaq avtomobili 1926-cı ilin orijinal Baby modelinin uğur hekayəsini davam etdirir. Orijinal rodster 6-8 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdu və 20 km/saata qədər sürətlənə bilirdi. Onu varlı iş adamları, tac sahibləri, məşhurlar öz övladları üçün alırdılar. Bundan başqa, fransız şirkəti onu bəzi müştərilərinə hədiyyə də edirdi.

Zahiri cəhətdən, Baby II 1924-cü ilin Type 35 modelini təkrarlayır. Avtomobil üfüqi LED bölmələri olan fənərlər və tənzimlənən pedal qovşağı ilə təchiz edilib. Çıxış gücü bir (1,36 at qüvvəsi) və dörd kilovat (5,5 at qüvvəsi) arasında dəyişən elektrik mühərriki, 30 kilometrə qədər yürüş məsafəsini təmin edən 1,4 və ya 3,8 kilovat-saatlıq dartma batareyasından qidalanır.

Image alt Image alt Image alt

Baby II modelinin təchizatına sürət məhdudlaşdırıcısını söndürən və mühərrikin gücünü 10 kilovata (13,6 at qüvvəsinə) qədər artıran Speed Key açarı (Chiron hiperkarında olduğu kimi) daxildir.

Adi Baby II modelinin qiyməti təxminən 30.000 avrodur, onun tirajı isə 500 nüsxə ilə məhdudlaşdırılıb. Məhdud saylı tirajla buraxılacaq Baby II Carbon Edition üçün isə, 80 min avro tələb olunur ki, bu da Bugatti W16 Mistral hiperkarının qiymətinin 1,6 faizini təşkil edir. 99 nüsxədə buraxılacaq uşaq avtomobillərinin bütün tirajı artıq satılıb. Avtomobillərin müştərilərə göndərilməsinə 2024-cü ildə başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.