Keçən il Renault Qrupu son on ildə ilk dəfə olaraq itkilərlə üzləşib. 2018-ci ili Qrup 3,3 milyard avro mənfəətlə tamamlasa da, 2019-cu ili 141 milyon avro zərər ilə başa vurub. İndi isə, bu çətin maliyyə vəziyyətini pandemiya, istehsalın dayandırılması və tələbatın kəskin şəkildə azalması daha da ağırlaşdırıb. Maliyyə itkilərinin qarşısını almaq üçün frnasız şirkəti təcili böhran əleyhinə tədbirlər hazırlayır. Automotive News nəşrinin məlumatına görə, bu tədbirlərdən biri də model cərgəsinin ixtisar edilməsidir.

Hazırda istefaya göndərilməyə üç namizəd var - Renault Espace miniveni, Renault Scenic kompaktveni və fransız istehsalçısının flaqmanı sayılan Renault Talisman modeli (sedan və universal). 

Renault Scenic və Grand Scenic

Keçən il bütün üçlüyün satışları 16-20% azalıb. Espace modeli Avropadakı miniven seqmentinin pionerlərindədir və 1984-cü ildən bəri 1.3 milyondan çox tirajla satılıb. Lakin, keçən il minivenin AB bazarında satışları cəmi 9,744 nüsxədən ibarət olub. Talisman modeli 2019-cu ildə daha populyar olsa da (16.405 ədəd), lakin bu müddət ərizndə Passat və ya Insignia modellərinin nəticələrinə belə yaxınlaşa bilməyib.

Renault Scenic modeli isə, adı çəkilən iki modellə müqayisədə daha yaxşı satış nəticələri göstərib - keçən il kompaktven 76 min nüsxəlik tirajla satılıb. Buna görə də, modelin ixtisara salınması bir qədər qəribə görünür.

Renault Talisman

Bununla birlikdə, Espace və Talisman modellərinin bu yaxınlarda yenilənməsinə baxmayaraq, bu üçlüyün istehsalının tezliklə dayandırmaq barədə qərar praktiki olaraq qəbul edilib. Bunun müqabilində, Renault şirkəti krossoverlərin və elektrokarların çeşidini genişləndirməyi planlaşdırır. Məsələn, həm beşnəfərlik, həm də genişləndirilmiş yeddi nəfərlik versiyada təklif ediləcək Renault Kadjar krossoverinin ikinci nəsil yaradılması demək olar ki başa çatmışdır. Bundan əlavə, Renault-Nissan-Mitsubishi alyansı daxilində əməkdaşlıq, aqreqat və qurğuların unifikasiyası genişləndiriləcəkdir.

Alpine A110

Eyni zamanda, Automotive News nəşri xərclərin azaldılması tədbirləri çərçivəsində Fransadakı dörd zavodu bağlamaq qərarına gəldiyini bildirib. Bu zavodlarına arasında Alpine A110 kupesinin buraxıldığı Dyeppdəki zavodda var. Belə radikal addımın atılması daha üç modelin - Alpine 110, Megane və Koleos modellərinin sələfsiz qalmasına gətirib çıxara bilər.

Qeyd etmək gərəkdir ki, ixtisara düşən modellər Azərbaycan bazarında təklif edilmirlər.