Rolls-Royce şirkəti və Faberge zərgərlik evi məşhur "Faberje Yumurtası"nın müasir variantını nümayiş etdiriblər. Zənginlik və dəbdəbə simvolu sayılan yeni əsər, 1911-ci ildən bu günə qədər Rolls-Royce markasından olan hər avtomobilin kapotunu bəzəyən fiqurun şərəfinə "Vəcdin ruhu" adlandırılıb.

"Vəcdin ruhu" zərgərlik yumurtasının konsepsiyası Rolls-Royce Motor Cars dizaynerləri Ştefan Monro və Aleks İnnes tərəfindən hazırlanmış, eskizləri isə Faberge evinin baş dizayneri Liza Talqren tərəfindən təkmilləşdirilmişdir. Yumurtanın yaradılması ilə zərgərlik evinin ustası Pol Cons məşğul olub. 

400 qram çəkiyə və 160 millimetr hündürlüyə malik olan yumurta Rolls-Royce müştərilərindən birinin sifarişi ilə yeganə nüsxədə hazırlanıbdır. Onun əsası 18 karatlıq ağ qızıldandır. Yumurta bənövşəyi qilyoşe-mina və oyma ilə örtülübdür. Dağ büllurundan olan "Vəcdin ruhu" fiquru, 10 karatlıq brilyantlar və 390 karat çəkisi olan təbii ametist ilə inkrustasiya edilmiş çəhrayı qızıl gül ləçəklərinin arxasında gizlədilibdir. Yumurta, kompüter modelləşdirilməsi, animasiyası və mikromühəndislikdən istifadə edilməklə yaradılan xüsusi mexanizm ilə açılır.

"Faberje Yumurtaları" 1885 - 1917-ci illərdə rus impertaor ailəsi və özəl şəxslər üçün yaradılmış zərgərlik məmulatlarının seriyasıdır. Cəmi 71 nüsxədə yumurta buraxılmışdır ki, bunun da 54 ədədi impertora məxsus olub. "Kuroçka" adlı ilk yumurta III Aleksandrın sifarişi ilə xanımı Mariya Fyodorovna üçün hazırlanmışdır.

Image alt Image alt Image alt Image alt