Skoda şirkəti sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı daha iki modeli bəyan edib. Bunlar Skoda Scala Monte Carlo hetçbeki və Skoda Kamiq Monte Carlo krossoveridir.

Çex istehsalçısı eksteryer və interyerin tərtibatı ilə seçilən Monte Carlo versiyasından olan modelləri 2011-ci ildən buraxır. Məşhur ralliyə həsr edilmiş Monte Carlo versiyalarına Fabia, Citigo, Rapid və Yeti modelləri sahib olublar.  Çex markasının model xəttində olan bayraqdar avtomobillər isə, avtomobil şirkətinin baniləri olan Vatslav Laurinə və Vatslav Klementə həsr edilmiş dəbdəbəli Laurin&Klement modifikasiyasına malikdirlər.

Skoda Popular Monte Carlo

Qeyd etmək lazımdır ki, Skoda markası Monte Karlo rallisində 1912-ci ildən başlayaraq iştirak edib. 1936-cı ildə Skoda Popular modeli Monte Karlo rallisində öz sinifində ikinci yer tutub. Çex markası bu uğuru layiqincə qeyd etmək üçün, 70 nüsxədən ibarət olan məhdud saylı Skoda Popular Monte Carlo modelini buraxıb.