Bu gün İnternet şəbəkəsində Toyota şirkətinin yol xəritəsini əks etdirən daxili sənədini dərc ediblər. Bu sənədddə yapon istehsalçısının hibrid qurğusuna malik olan yeni modellərinin satışa çıxma ardıcıllığı əks olunur. Bu sızma sayəsində GT86 kupesinin, Toyota Tundra, Sequoia və 4Runner ofrouderlərinin, habelə Sienna miniveninin və naməlum krossoverin bazara çıxma müddəti artıq məlum olub.

Təqdimat zamanı çəkilmiş şəkillər @allcarnews instaqram hesabında yayımlanıb. Şəkildəki slaydda, Toyota GT86 modelinin, 2021-ci ildə Subaru ilə birlikdə hazırlanacaq GR86 adlı idman kupesi əvəz ediləcəyi görünür. Avtomobil arxa ötürməni qoruyacaq və 259 at qüvvəli turbomühərrikə sahib olacaqdır.

Bundan əlavə, 2021-ci ilin sonunda yapon markası Tundra pikapını yeniləyəcəkdir. Bu yenilənmə, 2006-cı ildən bəri istehsal olunan modelin üçüncü restaylinqi olacaqdır. Pikapın növbəti nəsli 5,7-litrlik səkkizsilindrli atmosfer mühərrikindən məhrum olacaq, hibrid texnologiyasına malik olan iki turbokompressorlu V6 mühərriki ilə təchiz ediləcəkdir.

2020-ci ilin payızında Toyota hibrid güc qurğusu ilə təchiz edilmiş yeni Sienna minivenini, adı açıqlanmayan krossoveri buraxmağı planlaşdırır. 2022-ci ildə isə, yapon istehsalçısı yenilənmiş Sequoia və 4Runner ofrouderlərini və naməlum kupe-krossoveri bqazara çıxarmağı planlaşdırır.