Toyota şirkəti yarış Yaris hetçbekinin ilk rəsmi tizerini dərc edib. Yeni avtomobilin rəsmi debütü 17 noyabrda Avstraliya rallisi çərçivəsində baş tutacaqdır. Modelin adındakı GR indeksi Gazoo Racing komandasına, 4 rəqəmi isə tam ötürməyə işarə edir.

Tizerdə təsvir edilən avtomobil qırmızı-qara-ağ kamuflyajla örtülübdür. Xatırladaq ki, eyni rəngli kamuflyaja Nürburqrində sınaqdan keçirilən prototip də malik idi. Mülki Toyota Yaris modelindən fərqli olaraq, “qaynar” model daha aqressiv xətlərə malik olan kuzova, çıxıntılı təkər tağlarına, iri diametrli təkər disklərinə və böyüdülmüş radiator barmaqlığına malik olacaqdır.

Əvvəllər Gazoo Racing modelinin “qaynar” Yaris modelinin üç variantda hazırlayacağını bildirilmişdi. Yeni modelin aktual versiyadan fərqli olaraq daha güclü mühərrik ilə təchiz ediləcəyi də istisna olunmur. Xatırladaq ki, hazırda Toyota Yaris WRC modeli 380 at qüvvəsi və 425 Nm fırlanma anı hasil edən 1,6-litrlik dördsilindrli mühərrik ilə təchiz edilir.