Volkswagen şirkəti 23 sentyabrda debüt edəcək yeni ID.4 elektrik krossoverinin işıq texnikası barədə məlumatla bölüşüb . Markanın yeni fəlsəfəsinə uyğun olaraq, yeni modelin eksteryer tərtibatında istifadə edilən xromun rolu işıq elementlərinə veriləcəkdir.

Əvvəllər istehsalçılar avtomobilin müəyyən detallarını vurğulamaq məqsədi ilə xrom dekora müraciət edirdilər, amma işıq yeni xroma çevrilib. Bu barədə Volkswagen Group qrupunun dizayn şöbəsinin rəhbəri Klaus Zisiora bildirib. Onun sözlərinə görə, işıq elektromobillər dövründə daha böyük əhəmiyyət kəsb edir. “İşıq enerjini və elektriki təmsil edir, habelə istilik və təhlükəsizliyi özündə cəmləşdirir. İşıq gələcək mobilliyin ideal simvoludur ”, -  Zisiora qeyd edib.

Volkswagen ID.4 modeli artıq standart təchizat səviyyəsində tam ön və arxa LED işıq texnikasını alacaqdır. Arxa fənərlər diod zolaqla birləşdirilir, yan güzgü gövdələrinə isə, yerə ID. xəttinin simvoluna çevrilmiş rombşəkilli naxışları proyeksiya edən gizli işıq elementləri yerləşdirilib.

Opsional olaraq, elektrokrossover avtomatik yüksək işıqları olan IQ.Light matris optikası ilə təchiz edilə bilər. Fənərin modulları hər biri ayrı-ayrılıqda idarə olunan on bir işıqdiodlarından ibarətdir. Fənərlər insan gözləri ilə bənzərliyə malikdirlər - sahibi avtomobilə yaxınlaşan zaman onlar "açılaraq" onu salamlayır.

Bundan başqa, əlavə ödəniş ilə, doqquz animasiya elementlərindən ibarət olan “üçölçülü” arxa işıqlar blokunu sifariş etmək olar. Bu elementlər dinamik dönmə işıqlarına cavabdehdirlər. Əyləc işıqları "X" şəklində yanırlar.

Elektrik krossoverinin salonunda da işıq xüsusi rol oynayır. 30 rəngə sahib "ağıllı" daxili işıqlandırma, avtomobilin sistemləri ilə birlikdə işləyərək xüsusi işıq siqnalları verir: qapıların bağlanması və daxil olan zənglər barədə məlumat verə, yaxud naviqatorun məlumatlarından istifadə edərək zolağı düzgün istiqamətə dəyişdirməyinizi tövsiyə edə bilər.

Volkswagen ID.4 krossoverinin təqdimatı 23 sentyabrda baş tutacaqdır.İlk elektrik krossoverləri müştərilərə bu ilin sonuna qədər çatdıracaqdırlar.