Yeni Mercedes-Benz S-Class sedanının modifikasiya çeşidinin formalaşması başa çatıb: standart sedanlar, uzunbazalı Maybach, hibrid versiyalar və zirehli Guard variantından sonra AMG sedanı peyda olub. İndi bu sedan, uzun adı olan Mercedes-AMG S 63 E Performance plagin hibrididir. Onun kapotunun altında keçən il AMG GT liftbəkində debüt etmiş hibrid güc qurğusu yerləşir.

Kapotun altında əvvəlki nəsil sedandak olduğu kimi, 612 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki (M177) yerləşir. İndi bu aqreqat vibrasiyaları azaldan aktiv dayaqlara və hərəkətə başlayan zaman 14 at qüvvəsi əlavə edən startyor-generatora malikdir. Benzin mühərriki doqquz pilləli AMG Speedshift MCT-9G planet “avtomatı” ilə tandemdə çalışır. Hidrotransformatorun əvəzinə isə, “yaş” mufta quraşdırılıb. 4Matic +  transmissiyası isə, ön oxu qoşan muftaya malikdir.

Arxa oxda tərkibinə 190 at qüvvəsi və 320 Nm (AMG GT liftbəkində 204 at qüvvəsinə malikdir) elektrik mühərriki, iki pilləli transmissiya (ikinci ötürmə 140 km/saatdan sonra işə düşür) və elektron kilidli təkərlərarası diferensial daxil olan elektrik modulu quraşdırılıb. Elektrik mühərrikinin özü sol yarımoxda quraşdırılıb və hibrid rejimində yalnız arxa təkərləri fırladır. Ancaq sırf elektrik rejimində (140 km/saata qədər) elektronika standart paylayıcı qutu və oxlararası muftadan istifadə edərək, elektrik mühərrikinin fırlanma anının bir hissəsini ön oxa ötürə bilər.

Litium-ion dartma batareyası arxa oxun üstündə yerləşir və 400 voltla işləyir, lakin S-Class üçün onun tutumu 6,1-dən 13,1 kilovat/saatadək artırılıb. Tam dolu batareya ilə yürüyüş məsafəsi cəmi 33 kilometrdir (liftbəkdə - 12 kilometr), lakin əsas üstünlük başqa şeydədir. Batareya yüksək səviyyədə enerji mübadiləsinə və iş temperaturunu 45 dərəcə saxlayan qabaqcıl termotənzimləmə sisteminə malikdir: 1200 hüceyrənin hər biri maye soyutma “kapilyarları” ilə əhatə olunub. Nominal rejimdə batareya 70 kilovat hasil edir, pik həddi isə, 140 kilovata çata bilər. Lakin bu hədd on saniyə ərzində əlçatandır. Rekuperasiya sisteminin gücü 90 kilovatdır.

Hibrid güc qurğusu 802 at qüvvəsi və 1430 Nm hasil edir. Bu, əvvəlki model ilə müqayisədə böyük sıçrayışdır, çünki əvvəlki çeşidin ən yuxarı pilləsində 630 at qüvvəsi və 1000 Nm hasil edən V12 mühərrikinə sahib olan Mercedes-AMG S 65 modeli dururdu. Buna baxmayaraq, 2595 kiloqram ağırlığında olan hibridin tam hasilatı hər zaman əlçatan deyil. Pasport üzrə 100 km/saata 3,3 saniyəyə sürətlənmə yalnız tam dolu batareya ilə əldə edilə bilər. Opsional AMG Driver’s Package paketi ilə maksimal sürət həddi 290 km/saat təşkil edir. V8 mühərriki olan əvvəlki S 63 sedanında bu göstəricilər 3,5 saniyə və 300 km/saat idi. Bununla belə, pasport üzrə orta yanacaq sərfiyyatı 8,9-dan 4,4 litrə düşüb.

Mercedes-AMG S 63 E Performance hibridi yalnız uzun təkər bazası (3216 millimetrlik) ilə təklif olunur, üstəlik, artrırılmış kuzov sərtliyinə malikdir: ön tərəfdə gücləndirici dayaqlar (yuxarı və aşağı), arxada isə diaqonal gücləndiricilər quraşdırılıb. Dartma batareyasının örtüyü də sərtliyin artmasına kömək edib, bunun sayəsində baqajın həcmi 550-dən 305 litrə qədər azalıb.

Ən güclü S-Class sedanı standart olaraq adaptiv amortizatorları və aktiv stabilizatorları olan pnevmatik asqı, həmçinin tam idarə olunan şassi ilə təchiz edilir. Düzdür, arxa təkərlərin dönmə bucağı "adi" versiyalarda 4,5 dərəcəyə olduğu halda, AMG versiyasında cəmi 2,5 dərəcədir. Əyləclər – öndə altı porşenli, arxada bir porşenli mexanizmlərdən ibarətdir. Əlavə ödəniş qarşılığında karbon-keramik əyləc diskləri təklif olunur.

Mercedes-AMG S-Class sedanının yeni versiyasında ilk dəfə olaraq şaquli çubuqları olan radiator barmaqlığı quraşdırılır. Digər sedanlardan olan vizual fərqlər arasında müxtəlif bamperlər, buraxılış sisteminin böyük çıxış boruları, 20 və ya 21 düymlük təkər diskləri var. Salonda ikili qolları olan AMG sükan çarxı, cihazlar panelinin yenilənmiş qrafikası və pedal örtükləri kimi yüngül “idman” dekoru var. Hətta bu təcəssümdə S-Class ikinci sırada fərdi oturacaqları olan dəbdəbəli interyerə malikdir. Sürücü köməkçiləri dəsti də saxlanılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 “Bərkgedən” sedanların satışlarına gələn il başlanmalıdır. Mercedes-Benz şirkəti hətta Almaniyada belə qiymətləri açıqlamayıb. Ancaq oriyentir kimi, Almaniyada 199.000 avroya başa gələn və bənzər güc qurğusu ilə təchiz edilən Mercedes-AMG GT liftbəkini götürmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.