Dünən Norisrinqdə keçirilmiş ikinci yarış BMW komandasının kanadalı pilotu Bruno Spenqlerin qələbəsi ilə başa çatıb. Bu, Brunonun 2017-ci ildən bu günə qədər Nürnberq küçələrində əldə etdiyi birinci qələbə idi. Üstəlik, bu qələbə Spenqlerin Norisrinqdə əldə etdiyi beşinci qələbədir. Beləliklə, Bruno DTM pilotları arasında Norisrinqdə ən çox qələbə qazanan pilotdur.

Bu qələbəni əldə etmək üçün Bruno Spenqler güclü Audi komandasının pilotları ilə mübarizə aparmalı olub. Kanadalı pilot ilk döngədə birinci cərgədən start alan Audi pilotları Rene Rast və Niko Mülleri üstələməyə müvəffəq olub. Brunonun liderliyini möhkəmləndirməsinə, nə qədər qəribə səslənsə də, Niko Müller yardım edib – o, növbəti döngədə komanda yoldaşı Rene Rastı vuraraq, onun peletonun sonuna düşməsinə səbəb olub. Üstəlik, bu qəzaya görə aldığı cəza onu qələbə şansından məhrum edib.

Bruno Spenqler isə yarışın gedişinə nəzarət edərək, liderliyini davam etdirib. Kanadalı yeganə pit-stopdan sonra da  liderliyini qoruyub və rahat şəkildə finiş xəttini birinci keçib. Ceymi Qrin də uğurlu strategiya və ötmələr sayəsində yarışı ikinci bitirib. Yarışın ortalarında aktivləşən Mayk Rokenfeller möhtəşəm pilotaj və çoxsaylı ötmələr sayəsində podiumun son pilləsinə qalxmağa müvəffəq olub. Robin Frayns dördüncü, Filipp Enq isə beşinci olub.

İkinci beşlikdə Loik Dyüval, Rene Rast, Niko Müller (hər üçü – Audi), Timo Qlok (BMW), Daniel Hunkandelya (Aston Martin) finiş görüblər.

Norisrinqdəki mərhələdən sonra, pilotlar birinciliyinə 127 xal toplamış Rene Rast başçılıq edir. Onu 102 xalla Niko Müller və 101 xalla Filipp Enq təqib edirlər.

Komandalar birinciliyində ilk üçlükdə Audi Sport Team Rosberg (180 xal), Audi Sport Team Abt Sportsline (160) və BMW Team RMG (148) komandaları qərarlaşıblar.

Markalar birinciliyində isə, 457 xal toplamış Audi birinci, 338 xal toplayan BMW ikinci, 27 xalı olan Aston Martin isə üçüncüdür.