Cadillac şirkəti özünün ilk elektrokarı olan Lyriq krossoverini təqdim edib. İstehsala hazır olan elektrik krossoverinin təqdimatı zamanı əsasən onun texniki hissəsi və dizaynı barədə məlumat verilib. Bununla belə, amerikan istehsalçısı elektomobilin güc qurğusu və dinamik xüsusiyyətləri barədə açıqlama verməyib.

İlk seriya elektrkarının əsasını, General Motors konserni tərəfindən xüsusi olaraq elektrikli nəqliyyat vasitələri üçün hazırlanmış yeni platforma təşkil edir. Platformanın əsas struktur elementi, krossoveri aşağı ağırlıq mərkəzi və çəkinin oxlar arasında mükəmməl paylanması ilə təmin edən qabaqcıl Ultium batareyasıdır.

Ultium batareyası digər batareyalardan kimyəvi tərkibi ilə fərqlənir: onun tərkibində olan kobaltın səviyyəsi hazırki GM batareyalarına nisbətən 70% azaldılıb. Litium-nikel-manqan-kobalt-oksid batareyası 400 və ya 800 voltluq cərəyan ilə işləyir və 350 kilovata qədər yükləməni dəstəkləyir.

Batareyanın tutumu 100 kilovat-saatdır, bu da elektromobili 483 kilometrə yaxın yürüş ehtiyatı ilə təmin edir. Müqayisə üçün, Tesla Model X elektrokarının ən “uzun mənzilli” Long Range Plus modifikasiyası dolu batareya ilə 565 kilometrdən çox məsafə qət edir. Beləliklə, Cadillac Lyriq modeli bu göstəriciyə görə rəqibindən geridə qalır. Lyriq və Model X modellərini digər xüsusiyyətlər baxımından müqayisə etmək hələ çox tezdir, çünki Cadillac nə elektrik güc qurğusunun,  nə də krossoverin dinamik xüsusiyyətlərini açıqlamayıb.

Təqdimat zamanı Lyriq modelinin dizaynına xüsusi diqqət yetirilib. Cadillac Desgn bölməsinin  İcraçı direktoru Endryu Smitin sözlərinə görə, krossover markanın korporativ üslubunun yeni inkişaf istiqamətini nümayiş etdirir: krossover hamar xətlər, alçaq dam xətti və çoxlu sayda parlaq elementlər ilə fərqlənir. İşıqlandırma yalançı radiator barmaqlığının alt hissəsinə, çıxan qapı tutacaqlarına və hətta emblemlərə də quraşdırılmışdır.

Salonda mərkəzi yeri avtomobil sənayesində ən yüksək piksel sıxlığı olan 33-düymlük ekran tutur. Yeni displey bir çoxdur milyarddan çox rəng nümayiş etdirir ki, bu da digər avtomobillərdə quraşdırılmış standart  displeylərdə olduğundan 64 dəfə çoxdur. Digər qeyri-adi element, iki virtual paneli olan proyeksiya ekranıdır. Ən yaxın paneldə hərəkət sürəti və istiqaməti, uzaq paneldə isə naviqasiya sisteminin göstərişləri əks olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Lyriq modelinin avtomatik zolaq dəyişdirmə funksiyasına malik olan qabaqcıl Super Cruise kruiz control sistemi, uzaqdan idarə olunan avtomatik parkedici və səs-küyün boğulması funksiyasına sahib olan 19 dinamikli AKG Studio səs sistemi təchiz olunacağı elan edilib.

İlkin məlumatlara görə, Cadillac Lyriq modeli 2021-ci ildə bazara çıxacaq və GM konserninin gələcək elektrikli nəqliyyat vasitələrinin flaqmanı olacaqdır.  Gələcəkdə Lyriq modelinə üç oturacaq cərgəsi olan elektrik ailə krossoveri və XT4 krossoverinin batareya ilə işləyən bənzəri qoşulacaqdır. Bundan əlavə, markanın model xəttində Escalade DNA-sına malik olan iri ölçülü ofrouder və dəbdəbəli Celestiq Statement Vehicle elektrokarları peyda olacaqdır.