Bu krossover Cupra markasının Seat şirkətindən müstəqilliyinin simvoludur. Əgər, Cupra Ateca və Cupra Leon modelləri Seat şirkətinin eyni adlı modellərinin "qaynar" versiyaları sayıldıqları halda, Formentor krossoveri isə Cupra şirkətinin ilk orijinal avtomobilidir. Yəni, Seat markası altında belə model mövcud deyil. MQB modul platformasında inşa edilmiş Cupra Formentor, Seat markasının ənənəsinə uyğun olaraq İspaniyanın coğrafi məkanlarından birinin şərəfinə adlandırılıb. Formentor Mayorka adasının ən şimal burnunun adıdır.

Cupra Formentor keçən il konsepst statusunda debüt etmişdi. Qeyd etmək gərəkdir ki, seriya modeli konseptdən elə də ciddi fərqlənmir. Məsələn, arxa bamperdəki diffuzorun forması dəyişib və arxa işıqların naxəşları yenidən işlənib. Xoşbəxtlikdən, arxa təkər tağlarının güclü formaya malik olan çiyin xətti qorunub saxlanılır.

Yeni krossoverin təkər bazasının uzunluğu VW Tiguan modelində olduğu kimidir - 2680 mm. 4450 mm uzunluğu olan Formentor bu göstəriciyə görə Tiguan modelinə yaxın olsa da, hər iki modelin eni eynidir - 1839 mm. Lakin, Cupra Formentor alman krossoverindən 121 mm (1511 mm) alçaqdır və standart olaraq 19-düymlük təkər diskləri ilə təchiz olunur. Modelin baqaj bölümünün həcmi 450 litr təşkil edir. Formentor çoxqollu arxa asqısı və elektronika ilə idarə edilən adaptiv amortizatorları olan şassiyə malikdir. Ön oxda Brembo əyləc mexanizmləri quraşdırılmışdır.

Cupra Formentor modelinin interyeri bu marka altında təklif edilən Leon modeli ilə eynidır: ön panelin dizaynı ilə yanaşı, hətta oturacaqların örtüklərinin naxışları da qorunub saxlanılıb. Salonda virtual cihazlar panelini, media sistemin 12-düymlük displeyini, həmçinin üzərində mühərriki işə salmaq və hərəkət rejimlərini dəyişdirmək üçün düymələri olan sükan çarxını görmək olar.

Texniki cəhətdən Formentor krossoveri Cupra Leon modelini təkrarlayır. Lakin, krossover üçün təklif olunan modifikasiyalar o qədər də geniş deyil. Modelin başlanğıc versiyası 310 at qüvvəsinə və 400 Nm fırlanma anına malik olan 2,0-litrlik benzin turbomühərriki,  iki muftalı DSG "robotu" və arxa oxda muftası olan 4Drive tam ötürmə sisitemi ilə təchiz edilir . Bundan başqa, müştərilərə krossoverin qoşulan hibrid verisyasını da seçmək şansı da verilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cupra Formentor eHybrid modeli  tərkibinə 150 at qüvvəsi və 250 Nm hasil edən 1,4-litrlik turbomühərrik və 6-pilləli "robota" quraşdırılmış 115 at qüvvəli elektromotor  daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğunun ümui hasilatı 245 at qüvvəsi və 400 Nm təşkil edir. 13 kilovat-saat tutumu olan batareya elektrik ötürməsi ilə 50 km (WLTP) məsafə qət etməyə imkan verir. Ancaq, hibrid yalnız ön ötürmə ilə təklif edilir.

Təəssüf ki, modelin dinamik göstəriciləri hələ də  açıqlanmayıb. Lakin, isman markası modelin satış tarixini açıqlayıb - Cupra Formentor krossoverlərinin Avropadakı satışlarına bu ilin dördüncü rübündə start veriləcəkdir. Xatırladaq ki, Seat şirkəti Azərbaycan bazarını tərk edib. Odur ki, Cupra modelini Bakı küçələrində görmək şansı yalnız markanın fanatik həvəskarından aslıdır.