Bu gün Hokkenhaymrinqdə keçirilən mövsümün son sərbəst yürüşlərində Mayk Rokenfeller ən sürətli pilot olub. Alman pilot dövrəni 1.31.269 zamanla qət edərək Mercedes pilotu Robert Uikkenzi liderlikdən edib.

Sərbəst yürüşlərin ilk yarısında Audi pilotları dolu çənlərlə trekə çıxaraq yarış tənzimləmələri üzərində çalışıblar.

Bu səbəbdən də İnqolştat təmsilçilərindən sürətli dövrələr gəlməyib. Məlumadur ki, bu gün keçiriləcək yarışda Audi pilotları Mattias Ekstrem, Ceymi Qrin və Rene Rast çempionluq titulu uğrunda mübarizə aparacaqdırlar.

Mayk Rokenfellerin də riyazi olaraq çempionluq şansı olsa da, onun çempion titulunu əldə etməyi qeyri-real görünür. Rokkinin çempionl olması üçün qələbə çalması, digər namizədlərin isə xal zonasından kənar qalması gərəkdir. Buna görə də Audi pilotları əsas diqqəti yarışa yönəldiblər. Digər tərəfdən mövsümün 18-ci yarışının start düzülüşünü müəyyən edəcək təsnifat mərhələsini də unutmamaq lazımdır. 

Bu həftəsonu DTM çempionatının final mərhələsinin ulduz qonağı Forluma 1 üzrə dördqat dünya çempionu Sebastyan Fetteldir

Beləliklə, sərbəst yürüşlərin birinci hissəsinə uzun müddət Mercedes pilotları liderlik edib. Qəri Paffett, Maro Engel və Robert Uikkenz bir müddət ilk üç sıranı əlllərində saxlayıblar. BMW pilotları da ənənəyə sadiq qalaraq sərbəst yürüşlərdə o qədər də sürətli olmayıblar. Lakin, bu bavariyalıların təsnifat mərhələsində də yavaş olacağına dəlalət etmir. Münhen təmsilçiləri hər zaman sürprizə imza ata bilərlər. Artıq qeyd etdiyimiz kimi, günü protokoluna Mayk Rokenfeller başçılıq edib.

İkinci yerdə Robert Uikkenz, üçüncü yerdə isə Audi pilotu Niko Müller qərarlaşıblar. Qəri Paffett (Mercedes) dördüncü, Marko Vittmann (BMW) isə beşinci olub. Pilotlar birinciliyinə başçılıq edən Mattias Ekstrem bu həftəsonu öz Audi RS 5 DTM avtomobili ilə «dil tapmaqda» çətinlik çəkməyə davam edir. İsveç pilot yalnız səkkizinci nəticəni göstərməyə müvəffəq olub.  İlk onluğu tamalayan pilotlar Maksim Marten (BMW) və Edoardo Mortara (Mercedes) olublar.