General Motors konserninin tərkibinə daxil olan Cruise Automation şirkəti Yaponiyanın Honda şirkətindən 750 milyon dollar məbləğində sərmayə qəbul edib. Pilotsuz nəqliyyat sistemlərinin yaradılması ilə məşğul olan amerikan şirkəti, yapon şirkəti ilə birlikdə geniş spektrdə istifadə imkanına malik olan pilotsuz vasitələr hazırlayacaqdırlar.

Honda şirkəti yaxın 12 il ərzində pilotsuz texnologiyaların yaradılmasına və inkişafına üç milyard sərmayə qoymağı planlaşdırır.  Bu vəsaitlər dizaynın hazırlanmasına, layihə işlərinə və pilotsuz vasitələrin istehsalına yönəldiləcəkdir.  Tərəflər eyni zamanda bu texnologiyaların irəli sürülməsi üçün də vəsait xərcləməyi nəzərdə tutublar. İlkin məlumata görə, Honda və Cruise Automation şirkətlərinin avtomobilləri raydşərinq xidmətinin tərkib hissəsi olmalıdırlar.

GM artıq Cruise şirkətinin inkişafına ciddi vəsaitlər qoyubdur. Bu vəsaitlər mühəndislərin işə götürülməsinə və yüzlərlə eksperimental prototiplərin yaradılmasına sərf edilibdir. Pilotsuz nəqliyyat vasitələrinin bir hissəsindən şirkət əməkdaşlarının San-Fransisko hüdudlarında  daşınması üçün istifadə edilir.  

Yanvar ayında GM gələn il yollarda peyda olacaq Cruise AV pilotsuz nəqliyyat vasitəsini nümayiş etdirmişdir. Chevrolet Bolt elektrokarının bazasında inşa edilən avtomobil idarəetmə orqanlarından məhrumdur.