Bir neçə gün bundan öncə, yenilənmiş Haval H6 krossoverinin rəsmi şəkillərini dərc etmişdik. Haval şirkəti yenilənmiş krossoverin yalnız eksteryer dizaynını açıqlayan şəkilləri yaymaqla kifayətlənmişdi. Bununla belə, çinlilər yenilənmiş H6 modelinin interyerinin əks olunduğu şəkilləri yaymaqdan imtina etmişdilər.

Bu gün isə, yenilənmiş Haval H6 modelinin interyerinin, daha dəqiq desək, ön panelinin təsvir edildiyi şəkil internet şəbəkəsində peyda olub. Şəkildən də göründüyü kimi, ön panel əvvəlki kimi qalıb, lakin mərkəzi displeyin ölçüləri nəzərəçarpacaq dərəcədə böyüyüb, mərkəzi konsol tamamilə yığışdırılıb, mərkəzi tonneldən isə, düymə və açarlar yoxa çıxıblar.

Yeni sükan çarxı peyda olub, tranmissiyanın idarə edilməsi isə, sağ sükanaltı dəstəyə həvalə olunub. Yenilənmiş H6 krossoverinin tamölçülü təqdimatı cari ayın 25-də işinə başlayacaq Pekin avtosalonunda baş tutmalıdır.

Yenilənmiş Haval H6 krossoveri yaxın aylarda Çin bazarında satışa çıxarılmalıdır. Restaylinqdən əvvəlki krossoverlər burada 116-130 min yuana (16 - 18 min dollar) başa gəlir. Çində hələ də Haval H6 modelinin ikinci nəsli istehsal olunur. Dilerlər belə krossover üçün 99-109 min yuan (13 - 15 min dollar) tələb edirlər. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.