Los-Anjelesdə fəaliyyətinə başlayan avtomobil sərgisində yerli Aria Group şirkəti FXE adlı superkarın prototipini nümayiş etdirib. Lamborghini, Ferrari və McLaren şirkətlərinin superkarları ilə rəqabət aparacaq yeni avtomobilin istehsalı 2019-cu ildə başlanmalıdır.

İstehsalçı gələcəkdə superkarı iki modifikasiyada buraxmağı planlaşdırır. Onlardan birincisi Aria FE superkarı olacaqdır ki, bu model də arxa çəkişə və 6,2-litrlik V8 atmosfer mühərrikinə sahib olacaqdır.  Çox güman ki, söhbət Corvette modelində quraşdırılan güc aqreqatlarının birindən gedir. 720 at qüvvəsinə malik olan aqreqat yeddi diapazonlu "robot" ilə tandemdə çalışır. Daha güclü avtomobil əldə etmək istəyənlər üçün isə, Aria 1150 at qüvvəsi və 1784 Nm fırlanma anı hasil edən hibrid güc qurğusuna sahib olan FXE superkarını təklif edəcəkdir. Hibrid qurğunun tərkibinə benzin mühərriki ilə yanaşı ön təkərləri hərəkətə gətirən 540 at qüvvəli iki elektromotor və 10 kilovat-saatlıq batareya daxil olacaqdır. Səkkiz pilləli sekvental ötürmələr qutusu isə, benzin mühərrikinin dartma qüvvəsini arxa oxa ötürəcəkdir.

Aria Group nümayəndədlərinin bildirdiyinə görə, Aria FXE superkarı yerindən 60 mil/saat (96 km/saat) həddinə 2,7 saniyəyə sürətlənəcəkdir. Onun maksimal sürəti 210 mil/saat (335 km/saat) təşkil edəcəkdir.

Aria FXE modeli karbondan hazırlanmış monokoka malik olacaqdır və onun kuzov panellərinin istehsalında da bu materialdan geniş istifadə olunacaqdır. Bundan başqa, şirkət mütəxəssisləri  karponplastikdən olan kuzov panellərini 3D printerində çap etmək fikrindədirlər. Qeyd etmək lazımdır ki, amerikan şirkəti FXE modelinin hazırlanmasına bir il vaxt sərf edib.

Şirkət nümayəndələri prototipin sınaq yürüşlərinin aparılması üçün daha bir il tələb edildiyini bildirib. Ən başlıcası isə, Aria Group superkarın qiyməti barədə heç bir açıqlama verməyib. Onlar hər bir avtomobilin sifarişçinin arzu və istəklərinə uyğun olaraq buraxılacağını qeyd edərək, qiymətin də bu istəklərdən asılı olduğunu bildiriblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt