Audi şirkəti A5 Sportback modelinin "bərkgedən" RS5 Sportback modifikasiyasını təqdim edib. Məlum olduğu kimi, A5 Sportback modelinin bu günə qədər təklif edilən ən güclü variantı S5 Sportback modeli olubdur.

Çox güman ki, bu günə qədər A5 Sporttback liftbekinin "bərkgedən" variantının olmamasının əsas səbəbi Audi RS4 Avant universalı olub. İnqoştadt istehsalçısı iki model arasında rəqabətin yaranacağından ehtiyat etmiş ola bilərdi. Lakin, ABŞ və Çin kimi vacib bazarlarda universallara olan aşağı tələbat alman istehsalçısını A5 Sportback modelinin "bərkgedən" RS modifikasiyasını hazırlamağa vadar edib. Bunun resepti isə çox sadədir - Audi RS5 Coupe modelinin texniki içalatına liftbek kuzovunun yerləşdirilməsi.

Yeni modelin fotoşəkillərindən göründüyü kimi, alman mühəndisləri məhz belə üsula əl atıblar. Audi RS5 Sportback "bərkgedən" kupenin üslubunda tərtib edilmiş aerodinamik kuzov dəstinə sahib olub. Buraya iri hücrələri olan radiator barmaqlığı, iri hava girişləri olan ön bamper, genişləndirilmiş qanadlar, aqressiv diffuzora və iki iri çıxış borusuna malik olan arxa bamper daxildir. Audi şirkəti RS5 Sportbak modelini fərdiləşdirmək  üçün üç tərtibat dəsti təklif edir: Gloss Black, Carbon və Matte Aluminium. Avtomobilin salonu da RS modellərinin dizayn üslubunda tərtib edilibdir.

Audi RS5 Sportback modeli RS Coupe və Porsche Panamera modellərinndən tanış olan 2,9-litrlik benzin turbomühərriki ilə təchiz edilib. Mühərrikin gücü 450 at qüvvəsi, fırlanma anı isə 600 Nm təşkil edir. Güc aqreqatı səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə biurgə çalışır. RS5 Sportback yerindən 100 km/saat həddinə kupe 3,9 saniyəyə sürətlənir. Bu kupe modifikasiyasında olduğundan 0,2 saniyə yavaşdır. 

Yeni bərkgedən liftbekin təchizatına S5 Sportback modelinə nisbətən 7 mm azaldılmış klirens, arxa aktiv differensial, MMI multimedia sistemi, matrisa tipli ön işıqdiodlarından fənərlər, idman asması, karbon-saxsı əyləc mexanizmləri və 19-düymlük təkər diskləri daxildir. Opsional olaraq 20-dymlük təkər disklərini də sifariş etmək mümkündür. Modelin satışlarına bu ilin ikinci yarısında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt