Bu gün Suzukada keçirilən yarış Mercedes komandasının alman pilotu Niko Rosberqin qələbəsi ilə nəticələnmişdir. Bu mövsümdə doqquzuncu qələbəsini əldə edən alman pilot turnir cədvəlindəki liderliyini möhkəmləndirmişdir.

Mercedes pilotlarının Yaponiyada əldə etdiyi xallar, həmçinin Ştutqart komandasına vaxtından əvvəl Konstruktorlar kubokunu qazanmağa imkan vermişdir. Beləliklə, alman istehsalçısının komandası üçüncü dəfə bu kuboku əldə etmişdir.

Sinoptiklərin də proqnozlaşdırdığı kimi, səhər Suzukada qısamüddətli yağış yağdı. Buna baxmayaraq yarışın başlanmasına qədər trek qurudu və yağışlı hava üçün nəzərdə tutulmuş təkərlərdən istifadə etmək zərurəti aradan qalxdı. 

Startın ən yadda qalan anı isə, Həmiltonun ləngiməsi oldu. Komanda yoldaşı ilə mübarizə aparmaq əvəzinə Lyuis digər pilotlara keçilərək səkkizinci yerə düşdü. Rosberq isə, Həmiltondan fərqli olaraq yarışı pouldan başlamağın üstünlüklərindən tam istifadər edərək irəliyə atıldı. 

Dördüncü dövrədə Niko ikinci yerə yüksələn Ferstappenlə arasındakı fərqi 2,5 saniyəyə çatdırdı. Sebastyan Fettel altıncı yerdən start alsa da, üçüncülüyə kimi qalxa bildi.  

Bir neçə dövrə ərzində peletonda vəziyyət sabitləşdi və Həmilton Kimi Rəykonnen və Niko Hülkenberqi qabaqlamağa müvəffəq oldu. Yarışda ilk pit-stoplar, Pirelli Motorsport komandasının başçısı Pol Həmbrinin dediklərinin əksinə olaraq, doqquzuncu dövrədə başladı.

Bunun nəticəsində güclü dəyişikliklər olmasa da, trekdə yaşanan maraqlı anlar da oldu - start düzlüyünün sonunda Rəykkonen Peres və Palmeri ikiqat ötmə ilə keçməsi bu yarışın ən baxımlı və gözəl anlarından idi.

Ümumiyyətlə, Rəykkonen, bu yarışda ən çox ötmələr etmiş pilot kimi yadda qaldı.  Öz növbəsində Həmilton 130R döngəsində Rikkardonu geridə qoymağı, sonra isə iki Williams komandasını pilotlarını keçməyi bacardı. Bu ötmələr sayəsində Lyuis dördüncülüyə yüksəlmiş oldu.

Bununla belə, onunla yarışın lideri ilə arasındakı fərq artaraq 17 saniyəyə çatdı.  Yarışın yarı məsafəsində ikinci pit-stopların dalğası başladı. Liderlərdən ilk olaraq 28-ci dövrədə Ferstappen pitə yollandı. 

Bir dövrə sonra Rosberq də pitə yollanmış oldu.  Öz növbəsində, liderlik Fettel və Həmiltona keçdi. Lakin, Ferrari strateqləri yenə də səhv qərar qəbul edərək Fetteli gec pit-stopa çağırdılar. Nəticədə, alman pilotdan öncə pitə yollanan Həmilton onu keçərək bir pillə yüksəlmiş oldu. Fettelin geriyə düşməsində dövrəvi sürücülərin də xidməti var idi - Sebastyan Esteban Okonun hərəkətlərindən narazı qaldığını radio vasitəsi ilə bildirdi. Həmilton ən sərt tərkibli Hard təkərləri ilə trekə qayıtsa da, Ferrari pilotunun bolidinə yumşaq Soft təkərləri taxıldı. İlk zamanlar Həmiltona hücumlar təşkil edən Fettel, yumşaq təkərlərin tez aşınması ucbatından britaniyalıdan geriyə qalmağa başladı.

Kimi Rəykkonen də dövrəvi sürücülərin hərəkətlərindən şikayətçi idi. Komanda yoldaşından fərqli olaraq Hard təkərlərini seçmiş Kimi pit-stopdan sonrakı dövrələrdə sürətli zamanlara imza atsa da, yarışın bitiminə az qalmış tempini itirməyə başladı. Bundan istifadə edən Rikkardo aradakı fərqi azaltmağa başlasa da, fin pilota çata bilmədi.

Rikkardodan fərqli olaraq qüvvədə olan dünya çempionu Həmilton Ferstappeni haqlasa da, onu keçə bilmədi. Casio döngəsində hücum edən Həmilton Maksın hər zaman olduğu kimi sərt müdafiəsi ilə üzləşdi. Döngəni kəsən Həmilton Ferstappenə hücum etmək şansını əldən verərək üçüncülüklə barışmalı oldu.

Beləliklə, Yaponiya Qran Prisi mövsümün qəzasız, təhlükəsizlik avtomobili olmadan və texniki problemləsiz ötüşən yarışlarından biri oldu. Eyni zamanda, bu yarışda start alan bütün pilotlar yarışı bitirmiş oldular. Çempionluq tacı uğrunda mübarizədə isə Niko Rosberq şanslarını bir qədər də artırmaq imkanı əldə etdi - mövsümün bitməsinə dörd yarış qalmış alman pilot çempionluq yolunda  yeganə rəqibi olan Həmiltonu 33 xalla üstələyir.

Alman sürücüyə çempion olmaq üçün qalan dörd yarışda ikinci olmaq belə bəs edir.   

Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi 23 oktyabr tarixinidə Amerika Birləşmiş Ştatlarının Ostindəki avtodromunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt