Williams komandasının braziliyalı pilotu Felipe Massa bu ilin sonunda F1 çempionatında karyerasını başa vuracağını bildirib.

Xatırladaq ki, Massa keçən ilin sonunda Formula 1 çempionatını tərk etdiyini bildirmişdi. Lakin, Valtteri Bottasın Mercedes komandasına keçməsi, ingilis komandasını Felipeni geri qaytarmağa məcbur etmişdi. Felipe Massa öz qərarını Instagram sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

“Hər kəsə salamlar! Bildiyiniz kimi, mən keçən il F1 tərk etmişdim, lakin Williams komandasının xahişi ilə geri qayıtmalı oldum. Bu dəfə Braziliyadakı və Əbu-Dabidəki mərhələlər mənim üçün F1-də keçirdiyim son yarışlar olacaqdır, - Massa videomüraciətində bildirib. – Mən ailəmə, dostlarıma, sponsorlarıma və azarkeşlərimə böyük dəstəkləri üçün təşəkkürümü bildirmək istərdim. Sizin hamınızı İnterlaqos və Abu-Dabidə görəcəyimə ümid edirəm.

Ümid etmək istərdim ki, gələn il digər kateqoriyalarda da mənə dəstək verməyə davam edəcəksiniz”.

Massanın komandanı tərk etdiyini Williams da təsdiq edib.