Bu ay Amerikanın ən məşhur avtomobillərindən biri - əfsanəvi Ford Mustang modeli özünün 60 yaşını qeyd edir! Prototip ictimaiyyətə ilk dəfə 1962-ci il oktyabrın 7-də Uotkins Qlendə keçirilən Amerika Qran Prisində nümayiş etdirilsə də, həmin avtomobil istənilən halda konveyer versiyasından uzaq idi. Lakin bütün dünyanın xatırladığı formada olan seriya Mustang modeli 17 aprel 1964-cü ildə Nyu Yorkda keçirilən Beynəlxalq yarmarkada debüt edib.

Qeyd etmək lazımdır ki, onun istehsalına bir ay əvvəl, martın 9-da start verilib. 2+2 oturacaq formuluna malik olan ikiqapılı, ucuz və yığcam (amerikan standartlarına görə) Ford Falcon sedanının əsasında yaradılsa da, cəlbedici və təsiredici dizaynı ilə seçilirdi.

Elə həmin 1964-cü ildə Mustang britaniyalı xəfiyyə 007 haqqında "Qoldfinger" filmində debüt edib: parlaq epizodlardan birində Wimbledon White rənginə boyanmış kabrioletdən istifadə olunub. Bu, modelin karyerasının yalnız başlanğıcı idi.

Ən əhəmiyyətlisi odur ki, rəqib Chevrolet Camaro və Dodge Challenger modellərinin istehsal dövrlərində dayanmaların olduğu halda, Mustang son 60 il ərzində əhəmiyyətli fasilələr olmadan konveyerdə qalıb. 1964-cü ildən bəri yalnız ABŞ-da yeddi nəsildən olan 9.939.970 Mustang satılıb.

Məhz yuxarıda qeyd olunan Wimbledon White rəngi Ford Mustang modelinin 60 illik yubileyinə həsr edilmiş xüsusi yubiley versiyasının fərqləndirici cəhəti olub. Yan güzgülərin gümüşü gövdələri olan kuzovu qırmızı Race və ya mavi Vapor rənglərinə boyamaq da təklif edilir.

Yubiley avtomobillərinin qanadlarda və baqaj qapağında xüsusi qırmızı nişanlar, həmçinin Dark Gravity boz rəngində olan unikal 20-düymlük təkər disklərində qırmızı mərkəzi qapaqlar var. 

Ön panelə avtomobilin seriya nömrəsi həkk edilmiş qırmızı lövhə bərkidilib. Bundan əlavə, kuzovun yan tərəfinə vurulan qrafika dəsti sifariş üçün əlçatandır, lakin fərqli radiator barmaqlığı və tündləşdirilmiş işıq cihazları artıq standart təchizata daxil edilib.

Ford Mustang 60th Anniversary xüsusi versiyası yalnız kanonik 5,0-litrlik V8 Coyote mühərriki ilə hərəkətə gəlir. 487 at qüvvəli aqreqat 10-pilləli “avtomat” və ya 6-pilləli Getrag mexaniki ötürmələr qutusu ilə təchiz edilə bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yubiley versiyası avtomobilin ilk tam model ilinin şərəfinə 1965 nüsxəlik tirajla istehsal ediləcək. İş ondadır ki, ilk Mustang modelləri 1964½ model ilinə aid idi, çünki onlar bazara "mövsüm arasında" çıxıblar.

Ford Mustang 60th Anniversary idman avtomobillərini yayda sifariş etmək mümkün olacaq. Qiymətlər hələlik açıqlanmayıb, lakin ABŞ-da orijinal səkkizsilindrli Mustang GT modelinin qiyməti 42.000 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.