Williams komandasının gənc pilotu Lens Stroll, gələn ilin yanvar ayında, Fernando Alonso ilə birlikdə «Daytonanın 24 saatı» marafonunda iştirak edəcəkdir.

Lens Stroll da Fernando Alonso kimi LMP2 kateqoriyasında yarışacaqdır. Lakin, ispaniyalı pilotdan fərqli olaraq, Lens Jackie Chan DC Racing komandasının Oreca-Gibson 07 sportprototipini idarə edəcəkdir. Onun komanda yoldaşları Feliks Rozenkvist, Daniel Xunkandelya və Robin Friyns olacaqdır.

«Hərdən geriyə addım ataraq daha az təzyiqlə üzləşəcəyin işləri həyata keçirmək gərəkdir, - Stroll Autosport nəşrinə bildirib. - Mən orada tək olmayacağam - dostlarımla birlikdə yarışacağam. Yenidən onlarla birlikdə yarışda iştirak etmək mənim üçün xoş olacaqdır, çünki mən yarışmağı sevirəm. Biz dörd gənc pilotuq və yenidən birlikdə çıxış etmək əla fikirdir». Qeyd etmək lazımdır ki, Stroll hər üç komanda yoldaşı ilə dostluq əlaqələrinə malikdir. O, Feliks Rozenkvistlə birlikdə Formula 3 çempionatında yarışıb, həmçinin Daniel Xunkandelya və Robin Friynsin menecerliyini həyata keçirən firma ilə əməkdaşlıq edib.

Bu Lens Strollun ilk marafonu olmayacaqdır. O, 2016-cı ildə Daytonada Ford Chip Ganassi Racing komandasının Riley-Ford prototipində beşinci olub.