Dördqat dünya çempionu Lyuis Həmilton Fernando Alonso ilə bir komandada çıxış etmək şanslarının sıfıra bərabər olduğunu bildirib.

Brtaniyalı və ispaniyalı 2007-ci ilə McLaren komandasında birlikdə çıxış ediblər. Lakin, bu birlik onlara xeyir gətiməmiş və hər iki pilot çempionatda qələbə çalmaq imkanlarından məhrum olmuşdular.

Keçən ilin sonunda Niko Rosberqin komandanı tərk etməsindən sonra Alonsonun Mercedesə keçəcəyi barədə şaiyələr dolaşırdı. Lakin Həmilton, Breklidə komanda daxili mübarizənin əksinə olduqlarını bildirib.

“Xeyr, bu heç zaman olmayacaq, - Stuttgarter-Zietung nəşrinə müsahibə verən Həmilton söyləyib. – Toto Volf hər zaman komanda daxilindəki dinamikanı maqnitlə müqayisə edir: iki eyni qütbə malik olan tərəflər bir-birindən uzaqlaşır. Qütblər müxtəlif olmalıdır. Əks təqdirdə mənfi enerji yaranır ki, bunun da 2007-ci ildə şahidi olmuşuq. Söhbət təkcə məndən deyil, komandamızda işləyən minlərlə əməkdaşdan gedir. Bizim Alonso ilə McLaren-dəki gərgin münasibətlərimiz bütün komandanı zəhərləyirdi”.