Dördqat dünya çempionu Lyuis Həmilton Ferrari komandasından xoşu gəldiyini heç zaman gizlətməyib. Lakin, britaniyalı pilot özünü qırmızı uniformada təsəvvür etmir.

Həmiltonun Mercedes komandası ilə imzaladığı müqavilə 2018-ci ilin sonunda bitir və artıq tərəflər bu müqavilənin uzadılması haqqında müzakirələrə başlayıblar. Stuttgarter-Zeitung qəzetinin müxbirinin Ferrari komandasına keçid barədə sualına Lyuisin cavabı belə olub: “ Xeyr. Mən fəxr edirəm ki, Mercedes komandasında yarışıram. Gələcəkdə bunun dəyişəcəyini təsəvvür edə bilmirəm. Əlbəttə, heç zaman yox demək olmaz, amma ümid edirəm ki, karyeramı “Gümüş oxlarda” başa vuracağam.Mercedes ilə 13 yaşımdan bağlıyam. Zindelfingendə çalışan bəzi əməkdaşlardan daha uzun müddətdir ki Mercedes ilə işləyirəm. Artıq on ildir ki, F1 də Mercedesi təmsil edirəm. Bunün mənim üçün böyük əhəmiyyəti var”.