Macarıstan keçmiş sosialist ölkələri arasında dəmir səddi aşaraq Formula 1 çempionatının mərhələsini qəbul etmiş ilk ölkə oldu. Artıq 30 ildir ki, Formula 1 çempionatı Hunqarorinqdə qonaq olur. Bu 30 il ərzində biz bu trekdə müxtəlif yarışların şahidi olmuşuq – bu yarışların arasında həyəcanlı anları ilə yadda qalanı da olub, xatırlamaq istəmədiyimiz cansıxıcısı da.

Bu həftəsonu keçirilən mərhələ, mənim fikrimcə,  daha çox təsnifat sessiyası ilə yadda qalacaqdır. Sıralama turları başlamazdan öncə Hunqarorinqdə möhkəm yağış başlamışdı. Pilotılar yağış şinləri ilə trekə çıxsalar da, güclənən yağış yarışın rəhbərliyini sessiyanı qırmızı bayraqlarla dayandırmağa məcbur etdi. 15 dəqiqəlik aradan sonra pilotlar yenidən trekə yollanslar da, Markus Erikssonun 10-cu döngədəki qəzası növbəti dəfə qırmızı bayraqların peyda olmasına səbəb oldu. Lakin bu sıralama turlarında baş verən hadisə olmadı.

Yenidən start verilən sessiyada Felipe Massa qəza törədərək növbəti dəfə qırmızı bayraqların dalğalanmasına səbəb oldu. İlk sessiyanın ən sürətli pilotu Niko Rosberq oldu. Sıralamaları tərk edən pilotlar isə, Eriksson, Massa, Palmer, Verlyayn və Haryanto oldu.

İkinci sessiyada pilotlar aralıq yağış şinləri ilə dövrələr vurmağa davam etdilər. Lakin, trekin quruduğunu görən pilotlar sliklərə keçməyə başladılar. İlk olaraq slikləri Bottas taxmış oldu və bir müddət sonra qalan pilotlar da bu təkərlərə keçdilər.

İkinci sessiyaya Ferstappen başçılıq etdi.  Qrojan, Peres, Rəykkonen, Qutyerres və Nasr mübarizədən kənar qaldılar. Final sessiyada pilotlar SuperSoft şinlərini seçmiş oldular. Sessiyaya Həmilton başçılıq etsə də sonda Rosberq komanda yoldaşını üstəyələrək poulun sahibi olmağı bacardı.

Yarış təsnifat mərhələsinin əksinə olaraq günəşli hava şəraitində başladı. Bildiyimiz kimi, Hunqarorinq trekində ötmələr etmək çox çətin bir işdir və startda qazanılan mövqe çox böyük əhəmiyyət kəsb edir. Pouldan start alan Rosberq böyük üstünlüyə malik olsa da, o bu üstünlüyünü qoruyub saxlaya bilmədi. 

Həmilton güclü start almasa da birinci döngəyə lider girməyi bacardı. Onun bu uğuruna Rosberqin özü, digər tərəfdən isə, alman pilotun diqqətini yayındıran Rikkardo oldu.  Güman edirəm ki, Rosberqin yerində Mixael Şumaxer olsaydı, o sərt manevrlə Həmiltonu divara sıxışdırardı. Lakin Rosberqin buna hünəri çatmadı və nəticədə ilk döngədə nəinki Həmiltona, hətta Rikkardoya da keçilmiş oldu. Doğrudur, növbəti döngədə Rosberq ikinci yeri geri alsa da, sonradan Həımiltona qarşı heç nə edə bilmədi. Yarışda yeganə texniki problem yaşayan pilot Censon Batton oldu. Hidarvlika ilə problem yaşayan Censon əyləc pedalının tutmadığını bildirdi. Mühəndisləri ona hidravlik sistemin vericisinin işləmədiyini bildirərərək sistemi yenidən yükləməyi məsləhət gördülər. Sistemin yenidən işini bərpa edən Censona radio ilə köməklik aldığına görə stüardlar tərəfindən pitdən keçmə cəzası gəldi.

Yarışın ilk pit-stopları 10-18 dövrələr arasında keçirildir.  İlk pit-stopdan sonra Kimi Rəykköneninarxasına düşən Ferstappen bir müddən fin pilota təzyiqlər göstərsə də onu ötməyə müvəffəq olmadı. Rosberq də ilk pit-stopdan sonra irəli çıxa bilmədi. Yarışın ikinci pit-stop dalğası 25-ci dövrədə başlayaraq 48-ci dövrəyə qədər davam etdi. Yarışa damğasını vuran mübarizə elə ikinci pit-stoplardan sonra başladı. İkinci pit-stopdan sonra Maks Ferstappenin arxasına düşən Rəykkönen hollandiyalı pilotla uzun sürən mübarizəyə başladı.

Hətta, Ferrari və Red Bull bolidləri təması nəticəsində ön qanağı zədə görən Kimi hücumlarını səngitmədi. Bu mübarizə son döngəyə kimi davam etsə də, gənc Ferstappen mövqeyini qoruyub-saxlamış oldu.

Lyuis Həmilton beşinci dəfə Hunqaroqinqdə qalib gələrək pilotlar çempionatındakı liderliyi ələ keçirmiş oldu.  192 xal toplamış Həmiltonu 186 xalla Rosberq təqib edir. Yarışı üçüncü tamamlayan Rikkardo Rəyyköneni dördüncü sıraya gerilədərək üçüncü pilləyə qalxmış oldu.

Çempionatın növbəti mərhələsi bu ayın sonunda Almaniyanın Hokkenhaymrinq avtodromunda keçiriləcəkdir.