Artıq aylardır ki, gələn il keçiriləcək F1 mövsümündə Halo sisteminin tətbiq edilib-edilməyəcəyi haqqında söz-söhbətlər səngimək bilmirdi. Açığını desək, bir çox azarkeşlər bu sistemin tətbiqindən o qədər də razı deyildirlər. Söhbət, əlbəttə ki, məsələnin estetik tərəfindən gedir. Cümə axşamı günü Strateji İşçi Qrup və F1 Komissiyasının Cenevrədə keçirilən iclasında Halo sisteminin taleyi haqqında qərar qəbul edilmişdir.

F-1.az saytının yaydığı xəbərdə deyilir ki, FİA ilk dəfə Ferrari tərəfindən mövsümöncəsi testlərdə nümayiş etdirilən, daha sonra isə Avstriya və Britaniya Qran Prilərində ikinci versiyası çıxarılan sürücünün başını qoruma sistemi olan Halonun gələn mövsüm istfadə edilə biləcəyini bildirmişdi. Ali idman qurumu sistemin üstünlüyünü göstərmək üçün Macarıstan Qran Prisində sürücülər üçün geniş təqdimat keçirmişdi. Belə bir təqdimat Cenevrədəki yığıncaqdan əvvəl bütün komandalar üçün də edilib. 

Red Bull komandasının təklif etdiyi qoruyucu sistem

Lakin yığıncaqda Halonun 2017-ci ildə tətbiq edilməsinin əleyhinə çıxanların sayı daha çox olub. Qeyd edək ki, Strateji İşçi Qrup ən yaxşı altı komanda, FİA prezidenti Jan Todt və Formula1-in kommersiya başçısı Berni Ekklstoundan ibarətdir. Deyilənlərə görə, yığıncaqda sistemin daha da təkmilləşdirilməli olduğu əsas gətirilib və buna görə növbəti il üçün imtina edilib. Bir çox sürücü, hətta komanda rəsmiləri də Halo sistemini tənqid edirdi.

Xüsusilə də AeroScreen adlı qoruma sistemini təklif edən Red Bull komandasının rəhbəri Kristian Horner bunu eybəcər həll yolu adlandırmışdı. Sistemdən imtina barədə FİA tərəfindən hələ ki, rəsmi açıqlama gəlməyib.

Ferrari komandasının hazırladığı sistem