Motorsport nəşrinin əldə etdiyi məlumatlara əsasən McLaren komandası və Renault əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Üç il müddətinə nəzərdə tutulmuş müqavilə McLaren ilə Honda arasında bağlanmış müqaviləyə son verilməsindən sonra mümkün olmuşdur.

Eyni zamanda, Red Bull Racing komandasının törəməsi olan Scuderia Toro Rosso yapon istehsalçısı ilə 2018-ci ildən başlayaraq üç illik müqaviləyə imza atdığı da söylənilir. Beləliklə, italyan komandası mühərriklər üzrə qüvvədə olan reqlamentin bitməsini Honda ilə birlikdə qarşılayacaqdır. Scuderia Toro Rosso komandasının Honda mühərriklərinə keçməsi, bu komandanın çempionatı üçüncü il ardıcıl olaraq müxtəlif mühərriklə başlaması deməkdir.

STR 2016-cı ildə Ferrari, 2017-ci ildə isə Renault mühərriki ilə çempionatı başlamışdı. Red Bull şirkətinin başçısı Diter Mateşits Masaşi Yamamotoya, Honda mühərriklərinin özünü yaxşı göstərməsi halında, Red Bull Racing komandasının da yapon mühərriklərinə keçəcəyini bildirib. Çox güman ki, Renault Motorsport'un RBR komandası ilə müqaviləyə son vermək haqqında xəbərdarlığı, Mateşitsi bu addınmı atmağa sövq edən amillərdən olub.