Qüvvədə olan dünya çempionu Niko Rosberq, polyak pilot Robert Kubisanın Formula 1 çempionatına qayıtması üçün yardım edəcəyi barədə bəyanat verib. Rosberq Kubisanın meneceri vəzifələrini öz üzərinə götürüb.

Rosberq və Kubisa, vaxtilə kartinq və aşağı seriyalarda birlikdə çıxış ediblər, 2006-cı ildə isə yarım mövsüm fərqi ilə avtoidmanın ən yüksək kateqoriyasında – Formula 1-də debüt ediblər. 2011-ci ildə iki pilotun yolları ayrılıb – polyak pilot keçirdiyi qəzadan sonra Formula 1 çempionatını tərk etməli olub. Niko isə Mercedes ilə birlikdə çempionluq yolunda addımlayıb. Artıq onlardan biri məqsədinə nail olaraq çempionatı tərk edib, o birisi isə, altı illik fasilədən sonra yenidən Böyük Mükafatlara qayıtmaq istəyir. Bir müddət Robert, tərkibində bir neçə test sessiyası keçirdiyi Renault komandasında çıxış etməyə namizəd hesab edilirdi.

Lakin, Karlos Saynsın müqaviləsinin təsdiq edilməsindən sonra polyak pilotun yeganə ümid yeri Williams ola bilər - əgər Massa bu komandanı tərk etmək fikrinə düşərsə. Bu səbəbdən də Robertin yeni meneceri ona çempionata qayıtmasını təmin etmək üçün var gücünü ortaya qoymağa çalışacaqdır.

“Robertlə işləməyəimə çox şadam və ona F1-ə qayıtmağa yardım etmək üçün var gücümlə çalışacağam, - Niko sosial şəbəkələrdə yazıb. – Lyuis Həmiltonla yanaşı mübarizə apardığım ən güclü rəqiblərimdən biri də Kubitsa olub”.