Skoda şirkəti «qaynar» Kodiaq RS modelinin yeni təsvirlərini yayıb. Krossover çex markasının dəyişdirilmiş loqotipə malik olan ilk modeli olacaqdır. Yeni loqotip əsasən qırmızı rəngə malikdir.

İstehsalçının sözlərinə görə, yeni loqotip «RS ailəsinin gücü və idman xarakterini» nümayiş etdirir. Skoda Kodiaq RS modeli 239 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 2,0-litrlik dizel mühərriki ilə hərəkətə gələcəkdir. Güc areqatı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

İlkin məlumata görə, «qaynar» krossover 100 km/saat həddini 6,5 saniyəyə toplayacaqdır. İyun ayında Sabina Şmitsin idarə etdiyi Skoda Kodiaq RS modeli yeddi yerli krossoverlər üçün Nürburqrinqin yeni rekorduna imza atıb. Krossover treki 9 dəqiqə 29,84 saniyəyə qət edib.