Genesis şirkəti özünün Instagram hesabında yeni tizerləri yayımlayaraq, izləyicilərinə bu şəkillərdə hansı avtomobilin təsvir olunduğunu tapmağı təklif edib. Əlbəttə ki, Genesis avtomobilləri ilə tanış olanlar üçün bu çox asan bir tapmacadır. Kamuflyaja bürünmüş avtomobilin universal kuzovu olan Genesis G70 modelinin olduğunu anlamaq elə də çətin deyil.

Qeyd etmək lazımdır ki, bu günə qədər Genesis model xəttində univerrsal kuzovlu modellər mövcud olmayıb. Artıq məlum olduğu kimi, bu yay Genesis markası Avropa bazarını fəth etməyə başlayacaqdır. Universalların populyar olduğu Köhnə Dünyada uğur qazanmaq istəyirsənsə, model cərgəsində universalın olması mütləqdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dərc olunmuş tizerlərdən göründüyü kimi, gələcək Genesis G70 universalının kuzov xətləri onun daha çox şutinq-breykə bənzədiyinə işarə edir. Bunu söyləməyə güclü mailliyə malik olan arxa şüşə, üst tərəfində iri günəşlik quraşdırılmış beşinci qapı və qısa dam xətti işarə edir. Arxa qapıların girişləri demək olar ki, sedanla eynidir. Müqayisə üçün, G70 modeli ilə eyni platformanı bölüşən GV70 universalında kuzovun arxa hissəsi tamamilə fərqli dizayna malikdir.

Genesis G70 Shooting Brake modelinin təqdimatı yaxın aylarda keçirilməlidir. Böyük ehtimalla, təqdimat Avropadakı satışların başlanılması ilə üst-üstə düşəcəkdir. Qeyd etmək lazımdır ki, universalın həyat dövrü qısa olacaqdır, çünki baza G70 sedanı 2017-ci ildə debüt edib və artıq plan üzrə geniş miqyaslı restaylinqdən keçib.