Çempionatın Abu-Dabidəki Yas Marina avtodromunda keçirilən son yarışının qalibi Mercedes komandasının britaniyalı pilotu və beşqat dünya çempionu Lyuis Həmilton olub.

Yas Marinada keçirilən yarış Niko Hülkenberqin bolidinin aşması ilə başladı -  Romen Qrojanın Haas bolidi ilə təmas yaşayan Renault avtomobili göydə iki dəfə fırlanaraq başı üstə yerə düşərək, yanmağa başladı. Hülkenberqin qəzasından sonra yarışın rəhbərliyi təhlükəsizlik avtomobilini trekə buraxmağı qərara aldı. Restartdan bir neçə dövrə sonra Kimi Rəykkonen bolidi start düzlüyündə hərəkətsiz qaldı. Bu dəfə virtual təhlükəsizlik avtomobili rejimi elan edildi. Fürsətdən istifadə edən Mercedes komandası liderini pitə çağırdı. 

Bundan sonra Həmilton lider qrupundan aralı düşsə də, pilotların boksa yollanması ilə yenidən yüksəlməyə başladı və 34-dü dövrədə liderliyə yüksələrək mövsümdəki 11-ci qələbəsini əldə etdi. Valtteri Bottas uzun müddət yarışı ikinci davam etdirsə də, sonda sürəti itirməyə başladı. Bir neçə mövqeni itirən fin pilot Maks Ferstappenlə kontakt yaşayaraq ikinci pit-stopa yollanmaq məcburiyyətində qaldı.

Sebastyan Fettel isə mövsümün son yarışını ikinci olaraq bitirdi. Maks Ferstappen podiumun son pilləsinə qalxan pilot oldu. Startda bir neçə movqe itirərək onunculuğa qədər geriləyən gənc hollandiyalı podiumda finiş görməyə müvəffəq oldu. Onun komanda yoldaşı liderlər arasında ən gec pitə yollansa da, onun bu strategiyası işləmədi. Avstraliyalı yarışı dördüncü olaraq bitirdi.

Digər komandaların pilotları arasında ən uğurla çıxış edəni Karlos Sayns olub. 11-ci yerdən yarışa başlayan ispan pilot 37-ci dövrədə pitə yollanaraq bütün rəqiblərini keçərək altıncı yerdə finiş görüb. O, yarışa yumşaq tərkiblə başlayaraq uzun müddət trekdə qalmağı bacarıb.

Gələn il qırmızı kombenizon geyinəcək Şarl Lekler yarışın başlanğıcında möhtəşəm çıxış edib. O , hətta hər iki Red Bull pilotunu keçərək dördüncülüyə qədər yüksəlib. Şarl Həmilton kimi erkən pit-stopa gedərək uzun müddət Alonsonu təqib etməli olub. Sonradan digər pilotların pitə yollanmasından sonra o da yüksəlməyə başlayıb və yarışı yeddinci yerdə bitirib. Son dövrələrdə Şarl mövqeyini Serxio Peresin hücumlarından qorumalı olub.

Abu-Dabidə ilk onluğu tamamlayan pilotlar Haas komandasının iki pilotu olub - Romen Qrojan doqquzuncu, Kevin Maqnussen onuncu olub. Yarışda arada yağış da yağıb, lakin bu yağış pilotlara problem yaşatmayıb. Markus Erikkson, Pyer Qasli və Esteban Okon da texniki problem yaşayaraq yarışı dayandırmalı olublar.