Hələ yanvar ayında Çininin BYD şirkəti iki ucuz və kütləvi istehsal olunacaq modeli buraxacağını elan edib. Onlardan birincisinin – BYD Yuan UP yığcam elektrik krossoverinin Çindəki təqdimatı artıq baş tutub. İndi isə, növbə vəd edilən ikinci modelə gəlib çatıb. Bu kifayət qədər böyük ölçülərə malik olan BYD Qin L hibrid sedanıdır.

Qarşımızda ilkin olaraq Corolla modelinin əsasında yaradılmış Qin sedanının üçüncü nəsli dayanıb. Ancaq artıq 2018-ci ildə satışa çıxan ikinci nəslində bu sedan müstəqil, indi isə, cəlbedici olub. Onun ümumi ölçüləri nəzərəçarpacaq dərəcədə böyüyüb: sedanın hündürlüyü eyni qalsa da (1495 millimetr), uzunluğu 65 millimetr (4830 millimetr), eni isə, 63 millimetr (1900 mm) artıb. Təkər bazası 72 millimetr genişlənərək 2790 millimetrə çatıb. Yəni, indi Qin L sedanını demək olar ki, Camri ilə müqayisə etmək olar.

Sedanın eksteryeri ümumiyyətlə  BYD şirkətinin müasir korporativ üslubuna uyğundur. Dizaynerlər nisbətlər üzərində yaxşı işləyiblər. Təchizat səviyyəsindən asılı olaraq, BYD Qin L sedanı 16 ilə 18 düym arasında ölçüləri olan təkər diskləri ilə təchiz edilə bilər. İnteryerdə sürprizlər yoxdur: burada virtual cihazlar panelini, mərkəzdə böyük “televizoru”, transmissiyanın yığcam qeydə alınmayan coystiqini görmək olar.

BYD Qin L hibrid sedanı beşinci nəsil DM-i güc qurğusu ilə hərəkətə gəlir. Onun tərkibinə 1,5-litrlik dördsilindrli atmosfer mühərriki (101 at qüvvəsi) daxil olsa da, ön təkərlərin fırlanmasına dartma elektrik mühərriki cavabdehdir. Baza versiyasında bu mühərrik 163 at qüvvəsi, digərlərində isə, 218 at qüvvəsi hasil edir. 

Dartma batareyasının tutumu müvafiq olaraq, 10,1 və ya 15,9 kilovat/saat təşkil edir və onu məişət elektrik şəbəkəsindən doldurulmaq da mümkündür. Birinci halda elektrik rejimində qət edilən məsafə 60 kilometr, ikinci halda isə, 90 kilometr olacaq. Digər spesifikasiyalar hələlik açıqlanmayıb. Sırf benzinlə işləyən versiyalar olmayacaq – BYD artıq belə avtomobillərin buraxılışından imtina edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BYD Qin L hibrid sedanı aprelin sonunda Pekin avtosalonunda tam şəkildə təqdim olunacaq. Daha sonra dəqiq qiymətlər də açıqlanacaq. Hələlik isə, Çin mətbuatı baza versiyası üçün təxminən 120 min yuan tələb ediləcəyini yazır.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.