Red Bull Racing komandasının pilotu Maks Ferstappen Meksika Qran Prisinin təsnifat mərhələsinin qalibi olub. Hollandiyalı pilot Rodriges qardaşları adına avtodromdakı dövrəni 1.14,758 zamanla başa vuraraq poulun sahibi olub.

Hollandiyalı son seqmentdəki birinci cəhdində 1.15 altına düşən yeganə pilot olub. Maks Ferstappeni Şarl Lekler və Sebastyan Fettel təqib ediblər. Maks Ferstappen ikinci cəhdində zamanını bir qədər yaxşılaşdırsa da, sessiya sarı bayraqlarla başa çatıb. Sarı bayraqların dalğalanmasına səbəb Mercedes pilotu Valtteri Bottas son cəhdində qəzaya düşməsi olub. Son döngənin çıxışından geniş çıxan Bottas baryerlərə çırpılıb.

Nəticədə, son cəhdlərini başa vuran pilotlar sürəti azaltmalı olublar.  Bottas isə qəzasına baxmayaraq, bu günki yarışı altıncı yerdən başlayacaqdır.  Red Bull Racing komandasının ikinci pilotu Aleks Əlbon beşinci olmağı bacarıb. Qeyd etmək lazımdır ki, üç top komandanın pilotları Medium şinlərində başlayacaqdırlar.

McLaren və Toro Rosso komandaları tam tərkibdə ilk onluğa daxil olublar.  Karlos Sayns və Lando Norris yeddinci və səkkizinci, Daniil Kvyat və Pyer Qasli doqquzuncu və onuncu olublar.

Sıralamadan sonra yarışın hakimləri Maks Ferstappeni sarı bayraqlar altında sürəti azaltmadığına görə cəzalandırıblar. Hollandiyalı pilot üç yer itirməklə yanaşı, iki xallıq cəza da alıb. Beləliklə, bu günki yarışı ilk cərgədən Şarl Lekler və Sebastyan Fettel başlayacaqdırlar.