Mazda 3 Turbo modelinin meksikalılar tərəfindən gözlənilmədən təqdim edilməsindən sonra, ən güclü modifikasiyanın ABŞ-da rəsmi təqdimatı keçirilib. Yapon istehsalçısı yeni şəkillər və bir sıra detallardan başqa yeni bir məlumat verməyib.

Artıq bildiyimiz kimi, dördsilindrli Skyactiv-G 2.5T turbomühərriki 230 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. Güc qurğusu 6-pilləli avtomatik transmissiya və arxa oxda muftası olan tam ötürmə sistemi ilə birlikdə çalışır: Amerikada satılacaq Mazda3 2.5 Turbo modelinin mühərriki 227 at qüvvəsi və 420 Nm fırlanma anına malik olacaqdır.

Bu güc xarakteristikaları 87 oktanlı (bizim tanıdığımız Normal) benzindən istifadə zamanı əldə ediləcəkdir. Premium növ 93 (yəni bizim Super) oktanlı yanacaqdan istifadə etdikdə, mühərrikin hasilatı 250 at qüvvəsinə və 434 Nm fırlanma anına qədər arta bilər.

Meksikada olduğu kimi, ABŞ-da təklif edilən Mazda3 Turbo da avtomatik transmissiya və tam ötürmə sistemi ilə təklif ediləcəkdir. Yeni güc qurğusu həm hetçbek, həm də sedan kuzovlu modeldə quraşdırılacaqdır. 

Modelin standart təchizatına 18-düymlük qara təkər diskləri, elektrikli lyuk, Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən və 8,8-düymlük sensorlu ekranı olan multimedia sistemi, həmçinin 12 dinamikli Bose səs sistemi daxildir. Mazda3 Turbo ön LED fənərlər və gündüz hərəkət işıqları, oturacaqların və güzgülərin qızdırılması, ikizonalı klimat-kontrol, proyeksiya displeyi və təhlükəsizlik sistemlərinin geniş dəsti ilə təchiz ediləcəkdir.

Premium Plus dəstinin sifarişçiləri əlavə sürücü yardımçılarını, həmçinin parlaq qara spoyleri əldə edəcəkdirlər. Mazda3 Turbo modellərinin ABŞ-dakı satışlarına ilin sonuna kimi start veriləcəkdir.