Mercedes-AMG GT 63 S 4Matic + modeli yenilənmiş Porsche Panamera Turbo S modelinin rekordunu qıraraq, Nürburqrinqin öz sinfindəki ən yeyin avtomobili olub. Mercedes-Benz modeli dövrəni sələfindən 2,01 saniyə daha yeyin tamamlayaraq, liderliyini geri qaytarıb.

Mercedes-AMG yaxınlaşmaqda olan "revanş" haqqında məlumatı avqust ayında vermişdi. O zaman, yenilənmiş Panamera modeli Nurburqrinq trekini 7 dəqiqə 29.81 saniyəyə başa vuraraq, Mercedes-AMG GT 63 S modelini 13 saniyə üstələmişdi. Lakin, bu rekord uzun müddər sürmədi: Affalterbax nümayəndəsi öz modelini yenidən "Şimal ilgəyinə" buraxdı.

Mühəndis və keçmiş pilot Demian Şeffertin idarə etdiyi avtomobil tam dövrəni 7 dəqiqə 27,8 saniyəyə, trekin 20,6 kilometrlik variantını isə 7 dəqiqə 23 saniyəyə qət edib. "Bərkgedən" liftbekin hər iki nəticəsi Panamera modelinin nəticələrindən daha yaxşı olub və notariat qaydasında təsdiq edilib.

Mercedes-AMG GT 63 S 4MATIC + modeli 639 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. Mühərrik, 9-pilləli avtomat və drift rejimi olan tam ötürmə sistem ilə birlikdə işləyir. "Bərkgedən" liftbek ilk "yüzlüyə" 3,2 saniyəyə sürətlənir və 315 km/saatlıq maksimal sürət həddinə malikdir.