Mercedes-AMG GLE 53 4Matic+, GLE 63 4Matic+ və GLE 63 S 4Matic+ krossoverləri yubiley Edition 55 versiyasına sahib olublar. Mercedes-AMG artıq G 63 ofrouderi və başlanğıc A 45 / CLA 45 modelləri də artıq yubilley versiyasını əldə ediblər. Dəyişikliklər sırf kosmetik xarakter daşıyır. Dəyişikliklər iki “metallik” ilə məhdudlaşdırılmış kuzov boyaları, qara dekor elementləri və klassik qara-qırmızı rənglərdə tərtib edilmiş interyerdən ibarətdir. Edition 55 paketinin qiyməti seçilmiş modifikasiyadan asılı olaraq 5 950 - 13 090 avro arasında dəyişir.

AMG bölməsinin 55-ci ildönümünün şərəfinə hazırlanmış Edition 55 paketi artıq GLE 53 4Matic+, GLE 63 4Matic+, GLE 63 S 4Matic+ və onların kupe variantları üçün də əlçatandır. Yubiley avtomobillərinə sifarişləri dekabrda qəbul etməyə başlayacaqlar. Yubiley modelləri üçün iki kuzov rəngi təklif ediləcək: qara Obsidian Black və ağ Diamond White Bright.

Yubiley seriyasından olan bütün avtomobillər 22-düymlük təkər disklərini, “Edition 55” yazısı olan təkər qapaqcıqlarını və qara AMG Night Package dekorunu əldə edəcəklər. Paketə həmçinin yan tərəfə vurulan AMG emblemli etiketlər, yanacaq çəninin gümüşü qapağı və klassik qara-qırmızı rənglərdə tərtib edilmiş salon daxildir.

Salonda mikrofiberlə üzlənmiş AMG Performance sükanı, parlaq AMG yazısı olan kandar lövhələri və iki rəngli nappa dərisi ilə üzlənmiş oturacaqlar olacaqdır. Yubiley avtomobillərinin alıcılarına hədiyyə olaraq, AMG loqosu ilə bəzədilmiş, nəfəs alan materialdan hazırlanmış brend tent örtüyü təqdim ediləcək.

Bununla belə, texniki hissədə heç bir dəyişiklik olmayacaq. GLE 53 krossoveri elektrik kompressoru və inteqrasiya olunmuş starter-generatoru olan 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı “turboaltılıq” ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt

GLE 63 modeli 571 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki, GLE 63 S modeli isə, eyni mühərrikin 612 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən versiyası ilə təklif edilir. Ən yeyin krossover 100 km/saat həddinə sürətlənməyə 3,8 saniyə sərf edir, onun maksimal sürəti isə 280 km/saata bərabərdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.