Yeni nəsil Mercedes-Benz S-Class sedanının AMG bölməsi tərəfindən hazırlanmış versiyası qoşulan hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Superhibrid Mercedes-AMG S 63 EQ Performance 4Matic + adlandırılacaq və 800 at qüvvəsinə malik olacaqdır. Mercedes-AMG S 63 (W223) modelinin ənənəvi daxili yanma mühərriki ilə təchiz edilən versiyası olmayacaqdır.

Yeni Mercedes-AMG S 63 modelinin məhsuldarlığı və güc qurğusu barədə məlumatlar alman forumunda yayımlanıb. Forumda Mercedes-AMG GT 73 liftbeki üçün hazırlanan texniki hissənin yeni flaqman sedanı üçün uyğunlaşdırılacağı iddia edilir.

Bu isə, 612 at qüvvəli 4,0-litrlik səkkizsilindrli M177 biturbomühərrikinin 204 at qüvvəli elektrik mühərriki və 20 kilovat-saatlıq dartma batareyası ilə tamamlanacağı deməkdir. Gücün əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, yeni Mercedes-AMG S 63 modeli sələfindən elə də güclü olmayacaqdır. Bunun əsas səbəbi avtomobilin çəkisinin artmasıdır. Bununla belə, elektrikləşdirmə yeni flaqmanı daha qənaətcil və ekoloji cəhətdən təmiz etməyə imkan verəcəkdir.

W223 seriyasından olan "bərkgedən" S-Class xəttinin yeganə Mercedes-AMG S 63 modifikasiyasında buraxılacağı qeyd olunur. V12 mühərriki Mercedes-Maybach modelinin imtiyazı olaraq qalacaqdır. S-Class xəttindən olan kupe və kabriolet ixtisara salınacaqdır. Bu modifikasiyaların varisləri olmayacaqdır.

Mercedes-Benz S-Class W223 modelinin təqdimatı sentyabrın əvvəlində baş tutacaqdır.