Yeni nəsil Mercedes-Benz C-Class modeli bir neçə ildən sonra, tamamilə yeni platformada inşa ediləcək elektrik versiyasına sahib olacaqdır. Eyni zamanda, C-Class modelinin çeşidindən kupe və kabriolet kuzovlu modellər yoxa çıxa bilər.

Mercedes-Benz şirkətinin əməliyyat direktoru Markus Şafer “Autocar” nəşrinə verdiyi müsahibədə, alman istehsalçısının yeni nəsil C-Class modelinin çeşidini elektrik güc qurğusu ilə təchiz edilmiş modifikasiya ilə genişləndirməyi planlaşdırdığını bildirib.

Mercedess-Benz C-Class

C-Class elektromobili 2024-cü ildə işıq üzü görəcək və yığcam elektrokarlar üçün hazırlanmış tamamilə yeni MMA platformasında inşa ediləcəkdir. Məlum olduğu kimi, yeni C-Class modeli və S-Class flaqmanı MRA modul platformasına əsaslanır, Mercedes-Benz EQA, EQB və EQC elektromobilləri isə MEA arxitekturası üzərində qurulub.

Yaxın zamanlarda alman istehsalçısı daha iki elektrokarı - EQS və EQE - modellərini təqdim etməlidir. Bundan başqa, Şafer əsas diqqətin elektromobillərin yaradılmasına yönəldiləcəyini və bəzi modellərdən imtina ediləcəyini də bildirib. Bunlar, kupe və kabriolet kuzovuna malik olan modellərdir.

Mercedess-Benz EQS Concept

“Keçən il portfelimizdəki model sayı təxminən 50 ədədə çatıb. Bu il onların sayı EQ elektromobilləri sayəsində daha da artacaqdır. Bununla birlikdə, araşdırma və inkişaf baxımından bəzi məhdudiyyətlər var”, - Şafer qeyd edib.

Baxmayaraq ki, SLC, S-Class Coupe və S-Class Convertible modelləri artıq istefaya göndərilib, elektromobil cərgəsini genişləndirmək üçün yeni optimallaşdırma tələb olunacaqdır.

Mercedes-Benz C-Class Cabriolet

Beləliklə. Mercedes-Benz model cərgəsindəki mümkün ixtisar üçün növbəti namizədlərin ikiqapılı modellərin olduğunu söyləmək gərəkdir. Şaferin bildridiyinə görə, bəzi kupe və kabrioletlər o qədər az satılırlar ki, tədqiqat və inkişaf sahəsindəki səyləri daha perspektivli və rentabelli modellərə yönəltmək daha düzgün olar.

Top menecer, şirkətin imic səbəbindən ikiqapılı modellərdən tamamilə imtina etməyi planlaşdırmadığını, ancaq əsas diqqətin elektromobillərə yönəldiləcəyini söyləyib. Böyük ehtimalla, bu səbəbdən də, yeni nəsil C-Class ailəsində kupe və kabrioletə yer olmaya bilər.