Sirr deyil ki, Bakı küçələrində ikinci və hətta üçüncü cərgədə park etmiş avtomobilləri görmək şəhər sakinləri üçün adi hala çevrilib. Sürücülərin həyasızlığı o həddə çatıb ki, artıq yol polisinin müfəttişləri də onlarla bacarmırlar. Bakı yollarındakı vəiyyətə baxdıqda məndə sürücülərin əksər hissəsinin yol hərəkəti qaydalarından bixəbər olduğu təəssüratı yaranır.

Sürücülərin əksər hissəsi adi etika qaydaları belə yerinə yetirməkdən imtina edirlər – istənilən an sizi öz zolağınızda sıxışdıra və hərəkət etdiyiniz zolaqdan da “vurub-çıxarda”  bilərlər. Hətta, etiraz bildirdikdə belə, heç nə olmamış kimi yola davam etmək də adət halını almışdır.  Yəqin ki, zolağı dəyişmə zamanı dönmə işıqlarından istifadə edilməməsindən söhbət belə etməyinə dəyməz. Dönmə işıqlarından istifadə etməyərək manevrlər edən sürücülərin də sayı demək olar ki, 90 faizi keçmişdir

Ən dəhşətlisi də odur ki, bu əcaib xəstəliyə DYP əməkdaşları da “yoluxmuşdurıar” – şəxsən mən özüm dəfələrlə polis əməkdaşlarının xidməti avtomobillərində sayrışan işıqları yandırmadan manevr edərkən dönmə işıqlarımndan istifadə etmədiklərinin, yol səthində çəkilmiş istiqamət göstərən nişanların tələbinə məhəl qoymadıqlarının, mobil telefonla danışdıqlarının şahidi olmuşam.

Bununla yanaşı, Dövlət Yol Polisinin müfəttişləri də intizamsızlıq edərək, ehtiyac olmadığı halda,  yol hərəkəti qaydalarını pozmağa adət etmişdirlər.

Ümumiyyətlə, yol hərəkəti qaydalarına biganə münasibətin və açıqcası, saymamazlıq həddi ağla gəlməz  səviyyəyə çatmışdır.  Bu günlərdə Bakı-Sumqayıt yolunda baş vermiş yol-dəza hadisəsi bunun əyani sübutudur. Sürətli avtomagistralda məsuliyyətsiz şəkildə yolun ikinci zolağında dayanan Audi Q7 avtomobili Dövlət Yol Polisinin xidməti avtomobili tərəfindən “taran” edilmişdir. Necə deyərlər – məsuliyyətsiz sürücü məsuliyyətsiz DYP müfəttişinə “rast” gəlmişdir.  

Videokadrlardan da göründüyü kimi, həm sürücü, həm də DYP müfəttişi qaydaları kobud sürətdə pozmuşdurlar.  Birinci nasaz olan avtomobili yolun kənarında park etməmiş, ikincisi isə, söylənənlərə görə, mobil telefonla başı qatışıbmış.

Nəticə isə göz qabağındadır –  iki məsuliyyətsiz şəxsin hərəkəti ucbatından vətəndaşın və eyni zamanda dövlətin əmlakına ciddi şəkildə ziyan vurulmuşdur.