Nürburqringin “Şimal ilgəyi”nin rekordları uğrunda aparılan mübarizə Lotus Evija hiperkarının gedişi ilə yeni səviyyəyə yüksəlib. İngilis avtomobil istehsalçısı “Nordşlyayfe”də vurulacaq sürətli dövrə üçün öz elektrik hiperkarının xüsusi X-versiyasını hazırlayıb. Bu hiperkar mütləq dövrə rekorduna imza atmasa da, müasir tarixində bu trekdəki üç ən sürətli avtomobildən biri olub. Lotus Evija X hiperkarının hətta məhdud sayda buraxılması ehtimalı da var, lakin bu hələlik dəqiq deyil. Üstəlik, Evija X haqqında açıqlanan texniki məlumat çox azdır.

Nürburqrinqin dövrə rekordları cədvəlində Lotus Evija X prototip kimi qeyd olunub. Unikal hiperkarın standart modelin elektrik mühərriklərini və batareyasını (lakin daha kiçik tutumla) qoruyub saxladığı bildirilir. Bununla belə, hiperkar ekstremal aerodinamikaya malik olan yeni karbon kuzovu alıb. Elektromobil ümumilikdə 2040 at qüvvəsi hasil edən dördmühərrikli elektrik güc qurğusu ilə təchiz edilib.

Beləliklə, Evija X hiperkarı Lotus brendinin tarixindəki ən güclü seriya yol avtomobilidir. Yarış avtomobili Pirelli sliklərini, həmçinin yeni amortizatorları və karbon əyləcləri əldə edib. Bütün bunlar Nurburqrinqdəki dövrəni 6:24.047 zamanla qət etməyə imkan verib – əldə olunan nəticə yalnız Volkswagen ID.R (6:05.336) və Porsche 919 Hybrid Evo (5:19.546) modellərindən sonra üçüncü nəticədir, lakin Lotus Nürburqrinqdə yol avtomobilinin platformasında inşa edilmiş ən sürətli avtomobil olub.

Avtomobil istehsalçısı qeyd edib ki, rekord rütubətli oktyabr günündə qeydə alınıb, ona görə də gözləntilər o qədər də yüksək deyildi. Bununla belə, dövrə kifayət qədər yaxşı alınıb və Lotus bu nailiyyət haqqında danışmaq qərarına gəlib. Eyni zamanda, şirkət Evija X hiperkarının “Şimal ilgəyi”ndə daha da yeyin hərəkət edə biləcəyindən əmindir, lakin bunun üçün yeni cəhdlərin ediləcəyinə söz verilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.