Tesla şirkəti 2018-ci ildə yığcam krossoverin buraxılmasını planlaşdırır. Bu barədə məlumatı Autocar dərgisi yaymışdır. Dərginin məlumatında, Model Y adlı krossoverin Model 3 yığcam elektrokarının bazasında yığılacağı da bildirilmişdir.

Yeni krossoverin əsas xüsusiyyətlərindən biri, Model X krossoverində olduğu kimi, avtomatik olaraq yuxarı açılan arxa qapılar olacaqdır. Bundan başqa, Model Y yeni nəsil avtopilot sistemini də əldə edəcəkdir. Bu sistemin tərkibinə səkkiz dairəvi görüntü kamerası, 12 təkmilləşdirilmiş ultrasəs vericiləri və məhsuldarlığı indikindən 40 dəfə yüksək olan təkmilləşdirilmiş radar və kompyüter daxil olacaqdır.

Elektrik krossoveri haqqında hələlik əlavə məlumat yoxdur. Lakin, artıq elektromobilin dəyəri və yürüş ehtiyatı barədə mülahizə yürütmək mümkündür. Model 3 elektrokarının qiymətləri 35 min dollardan başlayır və onun ehtimal edilən yürüş məsafəsi 370 kilometr təşkil edir.

Krossoverin də bənzər göstəricilərə malik olacağı istisna edilmir.