Euro NCAP təşkilatı Şkoda şirkətinin ən iri krossoveri olan Kodiaq modelinin krəş-testlərini həyata keçirmişdir. Keçirilmiş sınaqlar nəticəsində model təhlükəsizlik üzrə ən yüksək qiymətə - beş ulduza layiq görülmüşdür.

Sürücü və sərnişinlərin müdafiəsinə görə Skoda Kodiaq 35,3 xal, yəni maksimal mümkün olan xalların 92 faizini almışdır. Bununla belə, həm 40 faizli, həm də 100 faizli örtmə halında deformasiya olunan baryer ilə toqquşma zamanı ekspertlər sürücünün sinəsinin zəif müdafiəsinin olduğunu qeyd etmişdirlər.

Uşaqların müdafiəsi üzrə Kodiaq 38,2 xal (77%) almışdır. Ekspertlər öndən çarpışma zamanı busterdə oturan 10 yaşlı uşağın boyunun qamçıvari zərbələrdən müdafiəsinin pis olduğunu aşkar etmişdirlər. Piyadaların müdafiəsi üzrə krossover 30 xal (70%), elektron köməkçilərin effektivliyi üzrə isə 6,5 xal (54%) almışdır. Sonuncu haldakı aşağı qiymətləndirmə, krossoverin avadanlıqla təchizatında avtomobili tutduğu zolaqda saxlama funksiyasının olmaması ilə əlaqədardır.

Euro NCAP testlərində iştirak edən 1652 kiloqram çəkisi olan krossover 2017-ci ildə buraxılmış və 2.0-litrlik turbodizel mühərriki ilə təchiz edilmişdır.