Nissan şirkəti Tokyo avtosalonunda debütü gözlənilən naməlum konsept avtomobilinin tizerini dərc edib. Inside EVs nəşrinin ehtimallarına əsasən, YouTube kanalında yerləşdirilən videoçarxda yapon markasının yeni elektrik krossoverinin carçısı nümayiş etdirilib.

Bununla belə, Nissan şirkəti konsept haqqında heç bir məlumat verməyib. Şirkətdən avtomobilin seriya modeli olmadığını və Tokyoda konsept qismində çıxış edəcəyi bildirilib. Eyni zamanda, yeni avtomobilin “intellektual mobilliyin gələcəyini” təmsil etdiyi söylənilib. Bu sözlərin hansı məna kəsb etdiyi də istehsalçı tərəfindən açıqlanmayıb.

Bu ilin avqust ayında Nissan şirkətinin elektrik krossoverini buraxacağı barədə məlumatlar peyda olmuşdu. İstehsalçı hətta avtomobilin adını da seçdiyini bildirmişdi. Yeni krossover Terra adlandırılacaqdır. Artıq Nissan şirkəti eyni adlı əmtəə nişanını Malaziyada qeydiyyatdan keçiribdir. Krossoverin əsasını ikinci nəsil Leaf modelinin şassisi təşkil edəcəkdir.