KİA cee’d ailəsinin növbəti nəsli krossover və shooting brake kuzovuna malik olan modifikasiyalarda buraxılacaqdır. Hər iki avtomobilin seriya variantları 2018-ci ildə debüt etməlidirlər. Bu barədə “Autocar” nəşri məlumat verib.

Krossover kuzovlu cee’d koreya istehsalçısının model xəttində yığcam Stonic ilə tamölçülü Sportage arasında yer alacaqdır. Krossoverin mühərrik çeşidinə üçüncü nəsil cee’d modeli üçün təklif edilən güc aqreqatları daxil olacaqdırlar.  İstənilən halda, yeni model haqqında dolğun məlumat yoxdur. Çox güman ki, bu model yolsuzluq dəstinə və hündür klirensə malik olan hetçbek olacaqdır.

KİA şirkəti Proceed konsept avtomobilini Frankfurt avtosalonunda təqdim etmişdi. Prototipin ön hissəsi Stinger modelinin üslubunda dizayn edilib. Qeyd etmək lazımdır ki, prototipin kuzovu formaca liftbekə oxşasa da, istehjsalçı onu "uzadılmış "qaynar" hetçbek" adlandırıb. Çox güman ki, bənzər kuzova malik olan seriya modeli üçqapılı pro_cee'd modelini əvəz edəcəkdir.

Yeni prototip Cənubi Koreya istehsalçısının Avropadakı dizayn-studiyası tərəfindən yaradılıb. Konsept güclü maili tavana malik olan beşqapılı hetçbekdir. Kia şirkəti üçün yeni olan kuzovu yaradarkən dizaynerlər "pro_c’eed hetçbekinin idman görkəmini onun gündəlik həyatdakı universallığı" ilə birləşdiriblər. 

Prototipin maraqlı xüsusiyyətlərindən biri "Yaddaş bankı" olan salondakı xüsusi rəfdir. "Yaddaş bankı" drayv və gücü ilə bağlı xatirələri canlandıracaq üç ətirlə dolu şüşədən ibarətdir.Ətirlərin arasında köhnə dərinin müşk iyi, klassik avtomobillər saxlanılan qarajın yağlı iyi və yüksək oktanlı yanacağın iyi vardır. Kia Proceed alçaq tavanlı fastbək tipli kuzova, 20-düymlük təkər disklərinə, iri panoram tavana və sahibin yaxınlaşması ilə süşə zonasının işıqlandırması funksiyasına malik olan avtomobildir.

Prototipin güc aqreqatı barədə istehsalçı heç bir məlumat verməyib.